Qrehem

ABŞ Senatında hər iki partiyanı təmsil edən senatorlar Rusiyanın enerji resurslarının əsas alıcılarına, eləcə də İrana qarşı əlavə sanksiyaların tətbiqinə imkan verən qanun layihəsi üzrə razılığa gəliblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Qanun layihəsinə əsasən, Donald Tramp Rusiyadan neft, uran və təbii qaz alan, eləcə də Moskvaya qarşı yönələn sanksiyaların yumşaldılmasına köməklik göstərən ölkələrdən idxal olunan mallara 100 faiz gömrük rüsumu tətbiq etmək səlahiyyəti qazanacaq. Bundan əlavə, prezidentə Rusiyadan idxal edilən mallara 500 faizə qədər tarif tətbiq etmək hüququ veriləcək.

Sənəd üzrə prosedur səsverməsinin bu gün gecə saatlarında keçirilməsi planlaşdırılır. Qanun layihəsi həmçinin İrana qarşı qüvvədə olan sanksiyaların müddətini uzadır və Rusiyanın neft və qaz ixracı ilə məşğul olan şirkətlərinə də şamil edilir.

Dəyişikliklərə əsasən, prezidentə veriləcək yeni tarif səlahiyyətlərinin qüvvədə olma müddəti beş illə məhdudlaşdırılıb. Eyni zamanda, 1996-cı ildə qəbul edilən İrana qarşı sanksiyalar haqqında qanunun müddətinin 2031-ci ilədək uzadılması nəzərdə tutulur. Həmin qanun İranla əməkdaşlıq edən xarici şirkətlərə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini də özündə ehtiva edir.

Qanun layihəsi iyulun 17-də Senata təqdim edilib. Sənəddə digər məsələlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putinə, yüksək vəzifəli siyasi və hərbi rəhbərlərə, iri iş adamlarına və dövlət müəssisələrinə qarşı məcburi məhdudiyyətlərin tətbiqi də nəzərdə tutulur.

“Bloomberg” bildirir ki, Senat sənədi artıq bu həftə qəbul edə bilər. Lakin Nümayəndələr Palatası avqust tətilinə çıxdığından, qanun layihəsinin həmin palatada sentyabr ayından əvvəl müzakirə olunması mümkünləşməyəcək.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: