rusiya

Xəbər verdiyimiz kimi, Rusiyaya Ermənistandan süd məhsullarının tədarükünə iyulun 27-dən etibarən müvəqqəti məhdudiyyət qoyulub. Müvafiq qərarı bir gün əvvəl Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Xidməti (Rosselxoznadzor) qəbul edib.

Globalinfo.az-ın məlumatına görə, ekspertlər hesab edirlər ki, bu addım Rusiya bazarında pendir və digər süd məhsullarının qıtlığına səbəb olmayacaq.

Rusiya Pərakəndə Ticarət Şirkətləri Assosiasiyasının (AKORT) sədri Stanislav Boqdanov sözlərinə görə, iri ticarət şəbəkələrində süd məhsulları kateqoriyasının 90 faizdən çoxunu yerli istehsal təşkil edir.

O qeyd edib ki, idxal məhsulları Belarus, Çin, Vyetnam, İndoneziya, Tailand və digər ölkələrdən gətirilir.

“Ermənistan mənşəli məhsullar pendir kateqoriyasında cəmi 0,3 faiz paya malikdir. Bu kateqoriyada məhsulların 85 faizdən çoxu Rusiya istehsalıdır, idxal isə Belarus, Argentina, Braziliya, Misir, İran, Serbiya və digər ölkələr hesabına formalaşır”.

AKORT rəhbəri əlavə edib ki, ticarət şəbəkələri şaxələndirilmiş təchizat sistemi ilə işləyir və zərurət yarandıqda çatışmayan məhsulları yerli istehsalçılar və alternativ təchizatçı ölkələr hesabına qısa müddətdə əvəz edə bilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: