ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens Ağ Evdə keçirilən müşavirə zamanı İranla hərbi münaqişənin daha da genişlənə biləcəyindən narahatlığını ifadə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, iyulun 24-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən müşavirədə Vens və ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn mümkün eskalasiyadan narahat olduqlarını bildiriblər.
Keynin fikrincə, əməliyyatların genişləndirilməsi ABŞ-ın sursat ehtiyatlarının daha da azalmasına səbəb ola bilər.
Pentaqondakı mənbə “CNN”ə təsdiqləyib ki, hazırda hərbi əməliyyatlar dayandırılıb.
Hələlik Müdafiə Nazirliyinin İrana zərbələrə fasilə verməsinin səbəbi açıqlanmır.
“CNN”in məlumatına görə, Fars körfəzi ölkələri Vaşinqtonu təmkinli davranmağa çağırıb. Donald Tramp isə ABŞ nümayəndə heyətinə Tehranla danışıqları davam etdirmək barədə qapalı göstəriş verib.
Bundan əvvəl “The Wall Street Journal” hərbi analitiklərə istinadən yazmışdı ki, nə ABŞ, nə də İran hazırkı qarşıdurmada həlledici üstünlük əldə edə bilib. Bu səbəbdən münaqişənin aylarla davam etməsi ehtimal olunur.
Əliyar Xəlil
Globalinfo.az