1730740899 2257361 1730740708 1777062510f178a4e3a9fbca BJxEYta

İRNA xəbər agentliyi Gilan əyalətinin qubernator müavininə istinadla məlumat yayıb ki, ABŞ-nin İranın Xəzər dənizi sahilində yerləşən hərbi obyektə zərbə endirməsi regionda təhlükəsizliklə bağlı narahatlıqları daha da artırıb.

Ekspertlər hesab edir ki, münaqişənin Xəzər hövzəsinə yayılması təkcə İran üçün deyil, həm də Azərbaycan və digər sahilyanı dövlətlər üçün yeni geosiyasi və təhlükəsizlik riskləri yarada bilər.

Bəs prosesin Xəzər dənizinə keçməsi region üçün hansı təhlükələri formalaşdırır? Bu vəziyyət Bakı ilə Vaşinqton arasında gərginliyə səbəb ola bilərmi? Müharibənin coğrafiyasının genişlənməsi Azərbaycanın xarici siyasəti və təhlükəsizlik strategiyasına necə təsir göstərə bilər?

Globalinfo.az-a siyasi şərhçi Tamilla Qulami deyib ki, bu hadisə regionda hərbi əməliyyatların coğrafiyasının genişləndiyini göstərən siqnallardan biridir:

“Əgər münaqişə həqiqətən Xəzər hövzəsinə keçirsə, bu, təkcə İran üçün deyil, bütün Xəzəryanı dövlətlər üçün yeni təhlükəsizlik mərhələsinin başlanğıcı deməkdir. Xəzər dənizi əsasən enerji, logistika və regional əməkdaşlıq məkanı kimi fəaliyyət göstərir. Burada hərbi əməliyyatların başlaması enerji infrastrukturu, dəniz nəqliyyatı, limanlar, sualtı kommunikasiya xətləri və regional ticarət marşrutları üçün əlavə risklər deməkdir. Bununla yanaşı, Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistan təhlükəsizlik hesablamaları üzərindən çıxış edə bilərlər.

Azərbaycan hər zaman istər dünya, istərsə də region dövlətləri ilə balanslaşdırılmış xarici siyasətini qoruyub saxlayıb. Xüsusilə də Tramp administrasiyası ilə rəsmi Bakının əlaqələri bu gün yaxın və dərindir. Bakı həm ABŞ, həm də İranla münasibətlərini milli maraqlar əsasında tənzimləməyə çalışır. Rəsmi Vaşinqton da Azərbaycanla əlaqələrə böyük önəm verir. Ən azından TRIPP layihəsini unutmamalıyıq. Buna görə də düşünürəm ki, ABŞ-nin İran ərazisindəki hədəflərə zərbələri Bakı–Vaşinqton münasibətlərində gərginlik yaradacaq bir olay kimi dəyərləndirilməməlidir. Azərbaycanın hər hansı hərbi əməliyyat üçün öz ərazisini təqdim etməsinə dair məlumat yoxdur və rəsmi Bakı indiyədək regionda gərginliyin artmaması mövqeyini dəfələrlə nümayiş etdirib. Bu səbəbdən Vaşinqtonla münasibətlərdə birbaşa siyasi böhran ehtimalını düşünmək sadəlövhlük olar.”

Tamilla
Tamilla Qulami

Ekspert hesab edir ki, bizim üçün müəyyən risk İran tərəfindən ola bilər:

“Əgər İran desə ki, qonşu ölkələrin ərazisi və ya infrastrukturu ona qarşı əməliyyatlarda istifadə olunur, bu zaman diplomatik gərginlik ehtimalını gözləyə bilərik. Çünki İran bu kimi hallarda dəfələrlə başqa dövlətləri günahlandırıb. Azərbaycan isə, qeyd etdiyim kimi, hər zaman ehtiyatlı və neytral diplomatik xətt yürüdür.

Bütün bunlara nəzər saldıqda görünür ki, Xəzər istiqamətində hərbi hədəflərin vurulması regionun təhlükəsizlik arxitekturasında yeni mərhələnin başlandığını göstərir. Bu isə Azərbaycan ilə ABŞ arasında qarşıdurma demək deyil. Müharibə edən tərəflər də bəllidir, Azərbaycanın mövqeyi də. Lakin təəssüflər olsun ki, münaqişənin coğrafiyasının genişlənməsi Xəzər hövzəsində təhlükəsizlik risklərinin artdığını göstərir və Bakı da qarşıdakı dövrdə həm diplomatik, həm də hərbi-siyasi baxımdan daha mürəkkəb balans siyasəti aparmalı olacaq.

Bütün hallarda İran rejimi, xüsusilə də SEPAH bu münaqişənin dayanmasını həm də ona görə istəmir ki, daxili proseslərdəki gərginlik fonunda “xarici düşmən” obrazını formalaşdırmaqla öz hakimiyyətinin ömrünü uzatmağa və problemlərə həll yolları axtarmağa çalışır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: