WhatsApp Image 2025 06 24 at 15.05.47

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 17-də İranın İordaniyaya endirdiyi zərbələr nəticəsində iki amerikalı hərbçinin öldüyünü açıqlayıb.

Məlumata görə, bir hərbçi də itkin düşüb. Bununla yanaşı, iyulun 18-də İraqın şimalında İran PUA-sının məhv edilməsi zamanı daha bir ABŞ hərbi qulluqçusunun həyatını itirdiyi qeyd olunub. İkinci hərbçi isə yüngül xəsarət alıb və hazırda ona müvafiq tibbi yardım göstərilir.

Həlak olan və itkin düşən hərbi qulluqçuların kimliyi də daxil olmaqla heç bir əlavə məlumat açıqlanmayıb.

Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlizadə deyib ki, ABŞ-İran müharibəsinin birinci mərhələsi 40 gün, danışıqlar da təxminən 2 ay davam etdi:

“Lakin tərəflər arasında yekun razılaşma əldə oluna bilmədi. Yəni nə hərbi təzyiqlər, nə də diplomatik üsullar tərəflər arasında qarşıdurma yaradan fundamental geosiyasi ziddiyyətləri aradan qaldırmağa yetərli oldu. Müharibənin atəşkəsin başa çatmasından sonrakı ikinci mərhələsinin artıq 10-cu günüdür. Bu mərhələni İranın tükəndirilmə müharibəsi adlandırmaq olar, lakin göründüyü kimi İran nəinki tükənməyib, əksinə, ciddi zərbələr vurmağa davam edir.

ABŞ-ın isə maksimalist hədəflərindən imtina etməyəcəyi aydındır. Yəni İran nüvə zənginləşdirilməsini sonlandırmalı, Hörmüzdə ABŞ-ın yaratdığı yeni geosiyasi vəziyyəti qəbul etməli, proksi gücləri ilə regionu destabilizə etməyə son verməlidir. Vaşinqtonun əsas tələbləri də bunlardır. Bunun üçün İranla müharibə nə qədər tələb olunarsa, o qədər uzadılacaq.

sehla celilzade e1755003028631
Şəhla Cəlilzadə

Düzdür ki, İranın imkanları ABŞ-ın regiondakı hərbi bazalarına və regional müttəfiqlərinə ciddi zərbələr vurmağa imkan verir. Artıq 8 ölkənin bu zərbələrdən təsirləndiyi, xüsusilə İordaniyanın Aqaba limanının vurulması qeyd oluna bilər. Bu, strateji keçidlər üçün yeni təhdid göstəricisidir. Belə ki, Bab-əl-Məndəb boğazında husilərin aktivləşdirilməsi ilə mümkün hücumların gözlənilməsi, limanlar və yeni strateji keçid məntəqələrinin hədəf alınması – bütün bunlar müharibənin yeni mərhələsinin daha dağıdıcı olacağını düşünməyə imkan verir. Belə olan halda, dünya iqtisadiyyatı ilk mərhələdəkindən daha artıq təsirlənə bilər.

Xatırlasaq, ilk mərhələdə neft qiymətləri 210 dollara çatmışdı. Atəşkəs dövründə 75 dollara enən qiymətlər yenidən artmaqdadır və hazırda 90 dollar civarındadır. Beləliklə, yeni mərhələ hər iki tərəf, o cümlədən Körfəz ölkələri üçün daha dağıdıcı, dünya üçün isə daha təsirli ola bilər. Odur ki, Türkiyə və Qətər başda olmaqla vasitəçilik inisiativləri artıq prosesə təsir etmək istiqamətində fəaliyyətə start verib. Bununla belə, fundamental məsələlər razılaşdırılmadıqca deeskalasiya müvəqqəti xarakter daşıyacaqdır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: