Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (Rosselxoznadzor) İrandan Rusiyaya ixrac edilən güllər üçün fitosanitar sertifikatların verilməsini müvəqqəti dayandırmağı xahiş edib.
Globalinfo.az xəbər verir ki, buna səbəb İran mənşəli kimi rəsmiləşdirilən məhsulların əslində Ermənistandan gətirilməsi ilə bağlı şübhələrdir.
Qurumun məlumatına görə, 2026-cı ildə İrandan Rusiyaya gül tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə xeyli artıb.
Lakin fitosanitar sertifikatlarda məhsulun mənşə ölkəsi İran göstərilsə də, güllərin görünüşü və qablaşdırılması əvvəllər Ermənistandan idxal edilən məhsullarla tam eynidir.
Rosselxoznadzor bildirib ki, 22 may 2026-cı ildən Ermənistandan kəsilmiş güllərin idxalına qoyulan qadağa barədə İran tərəfi əvvəlcədən məlumatlandırılıb. Cavab alınmadığı üçün qurum İranın Bitki Mühafizəsi Təşkilatından ikitərəfli danışıqlar keçirilənədək və vəziyyət tam aydınlaşdırılanadək yerli gül məhsullarının sertifikatlaşdırılmasını dayandırmağı xahiş edib. Məqsəd Rusiya və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin fitosanitar təhlükəsizliyini qorumaqdır.
Xatırladaq ki, Rosselxoznadzor mayın 21-də Ermənistandan gül idxalına müvəqqəti məhdudiyyət tətbiq etmişdi.
Əliyar Xəlil
Globalinfo.az