Boşanmadan sonra cehiz əşyalarının qaytarılması ilə bağlı mübahisələrə tez-tez rast gəlinir. Bəzən müxtəlif səbəblərdən illərlə öz əşyalarını geri ala bilməyən şəxslər sonradan hüquqlarını necə bərpa edəcəklərini və hansı quruma müraciət etməli olduqlarını bilmirlər. Belə hallarda müraciət qaydası, sübutların əhəmiyyəti və vaxt amilinin hüquqi nəticələri maraq doğurur.
Boşanmadan sonra cehiz əşyaları keçmiş həyat yoldaşının evində qalıbsa və həmin əşyalar bir neçə il ərzində qaytarılmayıbsa, bu halda şəxs ilk olaraq polisə, yoxsa birbaşa məhkəməyə müraciət etməlidir?
Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, burada məsələ birbaşa məhkəməlikdir:
“Əlbəttə, hamıya tövsiyə etmək olar ki, belə hallarda şəxsi əşyalarını vaxtında götürsünlər. Əgər qadını evə buraxmırlarsa, həmin vaxt polisə müraciət edə bilər. Deyə bilər ki, mən burada qeydiyyatdayam, burada yaşamışam və əşyalarımı götürməyə gəlmişəm. Bu halda evə daxil olmaq məsələsində polisin iştirakı mümkündür. Amma hadisənin üstündən xeyli müddət keçdikdən sonra əşyaların özünü polis vasitəsilə tələb etmək mümkün deyil. Yəni müəyyən halda evə daxil olmağa maneə yaradılırsa, bununla bağlı polisə müraciət etmək olar. Lakin boşanmadan bir neçə ay, hətta bəzi hallarda bir neçə il keçdikdən sonra qadın evə daxil olub əşyalarının orada olmadığını görürsə, polis bu məsələdə ona kömək edə bilməz. Belə halda vətəndaş məhkəməyə müraciət etməlidir. Ancaq xeyli vaxt keçdikdən sonra məhkəmədə də məsələ mürəkkəbləşir. Məsələn, qadın deyir ki, mənim əşyalarım həmin evdə qalıb. Bunu necə sübut edəcək? Kişi də deyə bilər ki, boşananda əşyalarını özü ilə aparıb. Belə olan halda sübutetmə yükü qadının üzərinə düşür”.
Əkrəm Həsənov
Hüquqşünas bildirib ki, ilk növbədə söhbətin hansı əşyalardan getdiyi və həmin əşyaların ümumiyyətlə mövcud olduğu sübut edilməlidir:
“İndi bir çox hallarda əvvəllər çəkilmiş video və fotoşəkillər bu məsələdə sübut kimi istifadə oluna bilər. Qadın konkret olaraq hansı əşyalardan söhbət getdiyini əsaslandırmalıdır. Çünki kimsə sadəcə iddia edə bilər ki, keçmiş ərinin evində çox bahalı xarici mebeli və ya qızılları qalıb. Yeri gəlmişkən, qızıl məsələsi müəyyən hallarda daha ciddi əsaslandırma tələb edir. Çünki qızıl stol və ya şkaf kimi daşınması çətin olan əşya deyil. Əgər qadın münaqişə, zorakılıq və ya başqa ciddi səbəblər üzündən əşyalarını götürə bilməyibsə, həmin vaxt polisə müraciət etməsi vacibdir. Adi halda isə sonradan gəlib “orada qızıllarım və digər xırda əşyalarım qalmışdı” demək kifayət etmir. Bu iddia ciddi şəkildə əsaslandırılmalıdır. Mebel məsələsində də vəziyyət oxşardır. Üstündən xeyli vaxt keçibsə, qadın sübut etməlidir ki, həmin əşyalar həqiqətən orada olub və o, onları götürməyib. Bu isə heç də asan məsələ deyil”.
Zaira Akifqızı
Globalinfo.az