es 1

Bakıda “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” beynəlxalq konfransının ilk sessiyası baş tutub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, konfrans Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən təşkil olunub.

“Konqonun Səsi” təşkilatının (Konqo Demokratik Respublikası) baş nümayəndəsi Sedrik Monzia Aundu bildirib ki, bu gün dekolonizasiya təkcə ərazilərin deyil, həm də şüurun, informasiya məkanının və ictimai narrativlərin azad edilməsini əhatə edir.

Onun sözlərinə görə, kütləvi informasiya vasitələri (KİV) həm müstəmləkə stereotiplərini təkrarlaya, həm də xalqlar haqqında daha ədalətli təsəvvürün formalaşmasına töhfə verə bilər. S.Aundu, jurnalistikanın peşəkar standartlarını müasir platformaların imkanları ilə birləşdirərək, dezinformasiyaya qarşı səmərəli mübarizə apara və obyektiv informasiyanı təşviq edə bilən jurnalistlərin, eləcə də rəqəmsal inflüenserlərin əməkdaşlığının vacibliyini qeyd edib.

“Fransa müsəlmanları” xəbər portalının təsisçisi Jan-Mişel Brün bildirib ki, müstəmləkəçilik dövründə Fransa mətbuatı “sivilizasiya missiyası” obrazını formalaşdıraraq və zorakılıq, ayrı-seçkilik və istismar faktlarını gizlədərək çox vaxt müstəmləkəçiliyə haqq qazandırırdı.

Onun sözlərinə görə, müasir KİV-lər müstəmləkəçilikdən əziyyət çəkmiş xalqlara öz fikirlərini ifadə etmək imkanı verməli, sosial bərabərsizlik problemlərini işıqlandırmalı və müstəmləkə keçmişinin yenidən dərk olunmasına kömək etməlidir. Jan-Mişel Brün, həmçinin siyasi və iqtisadi təsirlərdən azad olan müstəqil medianın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

“One Saint Martin” Assosiasiyasının katibi, hökumətin sabiq müşaviri, jurnalist və teleaparıcı Alston Lourens bildirib ki, dekolonizasiya təkcə siyasi deyil, həm də kommunikasiya prosesidir.

O qeyd edib ki, KİV-lər ictimai qavrayışın formalaşmasında mühüm rol oynayır və alternativ baxış bucaqlarının olmaması gələcəyin müxtəlif modellərinin müzakirəsi imkanını məhdudlaşdırır. Onun sözlərinə görə, müstəqil media öz müqəddəratını təyin etmə, milli kimlik və konstitusion inkişaf haqqında açıq dialoq üçün məkan yaradır.

Seneqaldan olan jurnalist Barka Ba beynəlxalq KİV-lərdə yer alan Afrika haqqındakı mənfi stereotiplərin iqtisadi nəticələrinə diqqət çəkib. Onun sözlərinə görə, qitədəki hadisələrin birtərəfli işıqlandırılması təkcə onun imicinə deyil, həm də investisiya cəlbediciliyinə və Afrika ölkələrinin borclanma dəyərinə təsir göstərir.

O vurğulayıb ki, müstəmləkə irsinin informasiya və mental nəticələri aradan qaldırılmayana, Afrika dövlətləri isə beynəlxalq informasiya arenasında öz narrativlərini müstəqil şəkildə formalaşdırmaq imkanı əldə etməyənədək siyasi dekolonizasiya başa çatmış hesab edilə bilməz.

CBC TV-nin nümayəndəsi Elmira Musazadə qeyd edib ki, KİV tarixən həm müstəmləkəçilik təsəvvürlərinin formalaşmasında, həm də onların aradan qaldırılmasında əsas rol oynayıb.

Onun sözlərinə görə, müstəmləkəçilik dövründə ərazilərin ələ keçirilməsi çox vaxt “sivilizasiya missiyası” kimi təqdim olunur, yerli xalqlar isə müstəqil idarəetməyə qadir olmayanlar kimi təsvir edilirdi: “Müstəmləkəyə çevrilmiş cəmiyyətlər dünyanın gözündə söz haqqından məhrum edilmişdilər. Onların dilləri, ənənələri və tarixi gözardı edilirdi ki, bu da dərin kimlik böhranına gətirib çıxardı”.

“Panjab TV”nin beynəlxalq siyasi məsələlər üzrə müxbiri Harprit Sinqh qeyd edib ki, dekolonizasiya təkcə siyasi hakimiyyətin təhvil verilməsini yox, həm də informasiya məkanına təsir göstərməkdə davam edən və hansı səslərin diqqət mərkəzində olduğunu müəyyən edən sistemlərin aradan qaldırılmasını əhatə edir:

“Dekolonizasiya – icmaların təzyiq, senzura və ya zorakılıq qorxusu olmadan öz hekayəsini danışmaq, mövqeyini ifadə etmək hüququnun bərpasıdır”.

es 2 es 3 es 4 es 5 es 6

Paylaş: