ag ee

İyul ayının 9-da səkkiz ABŞ vətəndaşı terror aktı və qətl planlaşdırmaqda təqsirləndirilərək məsuliyyətə cəlb olunub. Söhbət iyunun 14-də, Prezident Donald Trampın doğum günündə Ağ Evin Cənub çəmənliyi ərazisində təşkil edilən “UFC Freedom 250” turnirində həyata keçirilməsi nəzərdə tutulan terror cəhdindən ibarətdir.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “AP News” nəşri məlumat yayıb.

Məlumata əsasən, qruplaşma üzvlərinə iki fərqli sui-qəsd, o cümlədən federal məmura qarşı qəsdə cəhdi və terrorçuları maliyyələşdirmə maddələri üzrə ittiham irəli sürülüb. Həmin şəxslərin may ayından başlayaraq partlayıcı maddələr, silahlar, dronlar, gülləkeçirməz gödəkçələr və başqa təchizatlar tədarük etdikləri bildirilir.

İstintaq orqanlarının məlumatına əsasən, terror planı partlayıcı quraşdırılmış dronların tədbir ərazisinə göndərilməsini, daha sonra isə təlaş içində qaçan kütləyə atəş açılmasını nəzərdə tuturdu. Hücumun əsas hədəfləri sırasında Tramp, vitse-prezident Cey Di Vens, İsrail hökumətinin rəhbəri Benyamin Netanyahu, milyarder İlon Mask və digər rəsmi şəxslər yer alıblar.

Dəstənin yeddi üzvü iyunun 11-dən 21-dək Nebraska, Vaşinqton, Kaliforniya, Missuri və Ohayo ştatları ərazisində həbs ediliblər. Terror aktının əsas təşkilatçısının meksikalı miqrant Avraam Ermosilyo Alvares olduğu ehtimal edilir. Cari həftə ərzində Qərbi Virciniya ştatında daha bir 21 yaşlı şübhəli saxlanılıb.

ABŞ Federal Təhqiqat Bürosu bu gizli plan barədə tədbirdən dörd gün öncə – şübhəlilərdən birinin anasının polis idarəsinə məlumat verməsi nəticəsində xəbərdar olub.

Paylaş: