Azərbaycanda yol-nəqliyyat hadisələri zamanı ağır nəticələrin əsas səbəblərindən biri nəqliyyat vasitələrinin texniki vəziyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirir. Xüsusilə sovet istehsalı olan köhnə avtomobillərin qəzalarda daha təhlükəli olduğu bildirilir. Bu səbəbdən həmin nəqliyyat vasitələrinin istismardan çıxarılması, istifadəsinin məhdudlaşdırılması və ya utilizasiyası məsələsi aktuallaşır.
Bəs sovet istehsalı olan köhnə avtomobillərin istifadəsinə məhdudiyyət qoyulması yol təhlükəsizliyi baxımından nə dərəcədə effektiv ola bilər? Belə avtomobillərin utilizasiyasını sürətləndirmək üçün hansı addımlar atılmalıdır?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, sovet və ya Rusiya istehsalı avtomobillər postsovet məkanında uzun illər ən geniş istifadə olunan nəqliyyat vasitələri olub:
“Lakin bu avtomobillər istehsal olunduqları dövrün texniki və təhlükəsizlik standartlarına uyğun hazırlanıb. Bu baxımdan onlar həm təhlükəsizlik, həm keyfiyyət, həm də ekoloji göstəricilərinə görə Avropa və Yaponiya istehsalı olan avtomobillərdən geri qalırlar. Məsələn, 1990-cı ildə istehsal olunmuş Avropa və ya Yaponiya avtomobili ilə həmin ildə istehsal edilmiş sovet və ya Rusiya avtomobilini müqayisə etdikdə fərq aydın görünür. Xüsusilə ağır yol-nəqliyyat hadisələri zamanı müasir təhlükəsizlik elementlərinə malik Avropa və Yaponiya istehsalı avtomobillərdə sürücü və sərnişinlərin sağ qalmaq ehtimalı daha yüksək olur”.
E.Cəfərov Azərbaycanda köhnə avtomobillərin istismarına inzibati qaydada məhdudiyyət qoyulmasının tərəfdarı olmadığını bildirib:
“Çünki ölkəmiz hələ buna hazır deyil. Hazırda avtomobil parkının əhəmiyyətli hissəsini köhnə nəqliyyat vasitələri təşkil edir. Belə bir qadağa tətbiq olunsa, bu, insanların hərəkət imkanlarına və dolayısı ilə iqtisadi fəallığa ciddi təsir göstərə bilər. Nəqliyyat iqtisadiyyatın əsas dayaqlarından biridir. Digər tərəfdən, hazırda vətəndaşların kütləvi şəkildə yeni avtomobil alması üçün yetərli imkanlar da yoxdur. Əgər Azərbaycanda Özbəkistanda olduğu kimi hər il yüz minlərlə avtomobil istehsal edilsə və daxili tələbat yerli istehsal hesabına ödənilə bilsəydi, bu zaman köhnə avtomobillərlə bağlı daha sərt tələblər tətbiq etmək mümkün olardı. Reallıq isə ondan ibarətdir ki, ölkədə ildə təxminən iki min avtomobil istehsal olunur, halbuki illik tələbat təxminən yüz min avtomobil səviyyəsindədir”.
Eldəniz Cəfərov
Ekspertin fikrincə, köhnə və yararsız avtomobillərin dövriyyədən çıxarılması üçün utilizasiya proqramı daha doğru yanaşmadır:
“Bu proqram artıq bir neçə ildir könüllülük prinsipi əsasında uğurla həyata keçirilir. Vətəndaşlar köhnə avtomobillərini utilizasiyaya təhvil verir, əvəzində isə dövlət tərəfindən maliyyə dəstəyi əldə edirlər. Hesab edirəm ki, utilizasiya prosesini daha da sürətləndirmək üçün proqram təkmilləşdirilməlidir. İlk növbədə, ödənilən kompensasiyalar diferensiallaşdırıla bilər. Hazırda bütün minik avtomobilləri üçün eyni məbləğin tətbiqi tam ədalətli görünmür. Avtomobilin texniki vəziyyəti, yaşı və bazar dəyəri nəzərə alınmaqla fərqli məbləğlər müəyyən edilə bilər. Eyni zamanda, mövcud kompensasiya məbləği də artırılmalıdır. Məsələn, hazırkı 1500 manat əvəzinə bunun ən azı 3-4 dəfə artırılması vətəndaşlar üçün daha ciddi stimul yarada bilər”.
Bundan əlavə, Eldəniz Cədərov düşünür ki, utilizasiya proqramından yararlanan vətəndaşlara seçim imkanları genişləndirilməlidir:
“Onlar yalnız yerli istehsal olunan avtomobilləri deyil, Azərbaycanda rəsmi şəkildə satılan digər ölkələrin istehsalı olan avtomobilləri də həmin vəsait hesabına ala bilməlidirlər. Belə stimullaşdırıcı mexanizmlər tətbiq olunarsa, köhnə avtomobillərin dövriyyədən çıxarılması prosesi daha sürətli və daha səmərəli şəkildə həyata keçirilə bilər”.
Qeyd edək ki, Azərbaycanda köhnə avtomobillərin utilizasiyası ilə bağlı mexanizmlərin tətbiqi məsələsi də zaman-zaman gündəmə gəlib. Lakin bu prosesin hansı formada həyata keçirilməsi, avtomobil sahiblərinə hansı imkanların yaradılması və köhnə nəqliyyat vasitələrinin mərhələli şəkildə dövriyyədən çıxarılması hələ də müzakirə mövzusudur.
Zaira Akifqızı
Globalinfo.az