Rusiya Ermənistanın kənd təsərrüfatı məhsullarına qapıları bir-bir bağlayır. Gül, pomidor, xiyar, çiyələk, ərik, şaftalı, üzüm, kartof və digər məhsullardan sonra artıq bütün karantin nəzarətinə aid məhsulların idxalına məhdudiyyət tətbiq edilib. Moskva bunu fitosanitar təhlükəsizliklə izah etsə də, bir çox ekspertlər qərarın arxasında siyasi motivlərin dayandığını düşünür. Ermənistan üçün əsas ixrac bazarlarından biri olan Rusiyada yaranan boşluğu indi hansı ölkələrin dolduracağı müzakirə obyektinə çevrilib.
Rusiya bazarında Ermənistanın yerini Azərbaycan tuta bilərmi?
Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, Rusiyanın kənd təsərrüfatı məhsulları idxal etdiyi ölkələr arasında Türkiyə, Misir, Çin və digər dövlətlər də var:
“Hətta onların bəziləri Ermənistandan daha böyük ixrac imkanlarına malikdir. Eyni zamanda, Ermənistanın Rusiyaya kənd təsərrüfatı məhsulları ixracı o qədər də böyük həcmdə deyil. Buna görə də mövcud vəziyyət daha çox Rusiyanın Ermənistana siyasi və iqtisadi təzyiq vasitəsidir. Rusiya zaman-zaman Azərbaycana qarşı da oxşar üsullardan istifadə edir, müxtəlif bəhanələrlə idxalı məhdudlaşdırır və bununla da fermerlərə zərər vurur. Hazırda eyni yanaşma Ermənistana münasibətdə tətbiq olunur”.
Xalid Kərimli
İqtisadçı qeyd edib ki, vəziyyəti uzunmüddətli və ya davamlı siyasət kimi yox, müvəqqəti təzyiq elementi kimi dəyərləndirmək daha doğrudur:
“Amma yaranmış şərait müəyyən imkanlar açır. Belə ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarına daha böyük həcmdə ixracı üçün əlavə fürsətlər yarana bilər. Lakin bu vəziyyətin uzunmüddətli olacağı gözlənilmir və böyük ehtimalla müvəqqəti xarakter daşıyacaq”.
Kənd təsərrüfatı üzrə ekspert Allahverdi Mustafayev isə deyib ki, Rusiya bazarında Ermənistan məhsullarına tətbiq edilən məhdudiyyətlər qısa müddətdə müəyyən boşluq yarada bilər:
“Azərbaycan istehsalçılarının bundan müəyyən qədər faydalanması mümkündür. Biz artıq uzun illərdir Rusiyaya meyvə-tərəvəz ixrac edən əsas ölkələrdən biriyik. Xüsusilə pomidor, xiyar, kartof, üzüm və digər kənd təsərrüfatı məhsulları üzrə Azərbaycan istehsalçılarının mövqeyi kifayət qədər güclüdür. Lakin Ermənistanın bazardakı payını tam şəkildə əvəz etmək asan məsələ deyil. Bunun üçün istehsal həcmlərinin artırılması, məhsulun davamlı və stabil şəkildə bazara çıxarılması vacibdir”.
Ekspertin sözlərinə görə, Rusiya bazarında Türkiyə, İran, Mərkəzi Asiya ölkələri və digər ixracatçılar da yaranan boşluğu doldurmağa çalışacaqlar:
“Ona görə də rəqabət kifayət qədər yüksək olacaq. Azərbaycanın üstünlüyü coğrafi yaxınlıq və formalaşmış ticarət əlaqələridir. Əgər yerli istehsalçılar məhsul keyfiyyətini və ixrac həcmini qoruyub saxlaya bilsələr, Rusiyaya satışlarını artırmaq üçün müvəqqəti əlavə imkanlar əldə edə bilərlər”.
Ləman İmran
Globalinfo.az