Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının müzakirəsinə həsr olunan müşavirədəki çıxışının görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb. O, Zəngəzurun Ermənistana verilməsindən sonra Naxçıvanın Azərbaycandan qopduğunu, buna görə muxtar respublika statusu aldığını təəssüflə bildirib.
Heydər Əliyev bu kontekstdə Azəbaycan Demokratik Respublikası (ADR) tərəfindən İrəvanın da Ermənistana verildiyini xatırladıb. Bildirib ki, ADR-in baş naziri Fətəli xan Xoyskinin Tiflisdən xarici işlər naziri Məhəmmədhəsən Hacınskiyə teleqramı arxivlərdə qalır. Prezident İlham Əliyev də bu haqda bir neçə dəfə çıxışlarında danışıb.
Dövlət başçısı İrəvanın Ermənistana Xalq Cümhuriyyəti dövründə verildiyini vurğulayıb.
İrəvan və Zəngəzur hansı tarixi şəraitdə Ermənistana verilib? Azərbaycan bunun əvəzində nə qazandı? O dövrdə İrəvanın verilməməsi nə dərəcədə mümkün idi?
Globalinfo.az-a danışan tarixçi-politoloq Faiq Ələkbərli deyib ki, İrəvan məsələsində ADR-i günahlandırmaq doğru deyil:
“Çünki ADR faktiki olaraq Tiflisdə elan olunmuşdu və həmin vaxt ərazilərin böyük bir hissəsi onun nəzarətində deyildi. Batumda danışıqlar gedirdi və orada Milli Şura adından Məhəmməd Əmin Rəsulzadə ilə Məhəmmədhəsən Hacınski iştirak edirdilər. 27 mayda iki milli şura yaranmışdı və belə bir şəraitdə Tiflisdə müstəqil Azərbaycan elan edilmişdi.
Gürcülər siyasi mərkəz kimi Tiflisi qəbul edirdilər, Azərbaycan isə daha çox Gəncə və Bakıya ümid edirdi. Ermənilərin isə nəzərdə tutduğu mərkəz Gümrü idi. Həmin ərazilər Osmanlı nəzarətində idi. Belə bir dövrdə ermənilər Azərbaycana müraciət etdilər ki, siyasi mərkəz kimi İrəvan onlara güzəştə gedilsin. O zaman Milli Şura adından Fətəli xan Xoyski və digərləri müəyyən şərtlər altında, yaxud məcburiyyətdən İrəvanı ermənilərə güzəştə getdilər. Çünki burada Osmanlının da təsiri vardı.

Faiq Ələkbərli
Osmanlı hərbi güc kimi istəsəydi, buna razılıq verməyə bilərdi. Görünür, Osmanlı da sərhədlərindən kənarda erməni dövlətinin yaranmasına icazə vermişdi. Buna görə də Milli Şuranın əksər üzvləri razılıq verdi.
Bu, həmin dövrün şərtlərinə əsasən, polis və hərbi qüvvəsi olmayan bir qurumun verdiyi qərar idi. Milli Şuranın çox cəsarətli çıxışlar etməsi mümkün deyildi. Əlbəttə, biz təəssüf edirik, amma “demokratik respublika tərəfindən ərazi ermənilərə verildi” deyərkən diqqətli olmaq lazımdır. Ortada danılmaz reallıqlar vardı. ADR-in imkanları minimum səviyyədə idi”.
Turan Rzayev
Globalinfo.az