Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə səsləndirdiyi fikirlər yenidən gündəm olub. O, Zəngəzur və İrəvanla bağlı diqqətçəkən açıqlamalar verib.
Globalinfo.az həmin çıxışı təqdim edir:
“Naxçıvanla Azərbaycanı ayıran əsas səbəb torpaqlarımızın bir hissəsi olan Zəngəzur mahalının vaxtilə Ermənistana verilməsi olub. Əgər bu baş verməsəydi, bəlkə də Naxçıvanın muxtar status almasına ehtiyac qalmazdı. Azərbaycan vahid və bütöv əraziyə malik bir dövlət olaraq qalardı.
Lakin Zəngəzur mahalının, xüsusilə onun tərkibində olan Mehri və Qafan rayonlarının 1920-ci ildə Ermənistana verilməsi Azərbaycan tarixində torpaq itkisi baxımından çox mühüm və ağır hadisələrdən biri hesab olunur. Ermənilər tarix boyu Azərbaycan torpaqlarını zəbt etməyə çalışıblar.
Tarixi mənbələrdən məlumdur ki, 1918-ci ildə Tiflisdə ermənilər, gürcülər və azərbaycanlılar öz müstəqil dövlətlərini qurmağa çalışarkən əvvəlcə “Zaqafqaziya” adı altında vahid dövlət yaratmaq ideyası mövcud olub. Lakin bu təşəbbüs baş tutmadıqdan sonra Gürcüstan, Azərbaycan və Ermənistan ayrı-ayrılıqda müstəqilliklərini elan ediblər.
Həmin dövrdə çox ciddi, gərgin və kəskin danışıqlar aparılıb, müxtəlif mübahisələr yaşanıb. Məlumdur ki, o zaman Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Azərbaycanın bəzi torpaqlarının, o cümlədən İrəvanın Ermənistana verilməsinə razılıq veriblər.
Bu barədə sənədlər də mövcuddur. Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Fətəli xan Xoyskinin Tiflisdən xarici işlər naziri Həsən bəy Hacinskiyə teleqramı var. Burada bildirilirdi ki, ermənilərlə aparılan mübahisələr artıq başa çatdırılıb. Bunun səbəbi isə İrəvanın ermənilərə verilməsi barədə razılığın əldə olunması idi”.
Həmin görüntüləri təqdim edirik:
Safura Bənnayeva
Globalinfo.az