Globalinfo.az güneyli araşdırmaçı jurnalist Teoman Şahinin yazısını təqdim edir:
“New York Times” qəzetinin 19 may 2026-cı il tarixli diqqətçəkici məqaləsində İrana qarşı müharibədə son proseslərlə bağlı ən təəccüblü iddialardan biri ortaya atılıb. Qəzetin məlumatına görə, Vaşinqton və Təl-Əviv əməliyyatların ilkin mərhələlərində İrandan sonrakı keçid dövrü üçün Rza Pəhləvinin yerinə Mahmud Əhmədinejadın namizədliyini nəzərdən keçirirdilər. Məqalədə iddia edilir ki, İsrailin Tehranda Əhmədinejadı hədəf aldığı hava hücumu sadəcə hərbi əməliyyat deyil, onu ev dustaqlığından çıxarmaq və keçid dövrünün siması etmək məqsədi daşıyan daha böyük planın bir hissəsidir. İddia edildi ki, Əhmədinejad yaralanıb, rabitə şəbəkələri sıradan çıxıb və plan uğursuz olub.
Bu iddialar rəsmi olaraq təsdiqlənməsə də, ortaya çıxan mənzərə İran müxalifətinin əsl gücünü, Qərbin regional hesablamalarını və xarici müdaxilə layihələrinin mahiyyəti ilə bağlı ciddi sualları gündəmə gətirib. İlk baxışdan bu seçim ziddiyyətli görünür. Çünki Əhmədinejad İranın neft gəlirlərini populist siyasəti ilə tükəndirən, ölkəni Qərb əleyhinə sərt ritorika ilə ağır sanksiyalara sürükləyən və İran iqtisadiyyatındakı mövcud böhrana görə cavabdeh şəxslərdən biri kimi qəbul edilir. Lakin məsələyə Vaşinqton və Təl-Əvivdəki təhlükəsizlik mərkəzlərinin gözü ilə baxdıqda mənzərə dəyişir.
Əhmədinejadın sistem daxilindən biri kimi keçmişi, təhlükəsizlik bürokratiyası ilə tanışlığı, hərbi strukturlarla keçmiş əlaqələri və aşağı təbəqələr arasında dəstəklənməsi onu daha faydalı “idarəolunan keçid aktoru” halına gətirir. Qərb strateji dairələri üçün demokratiyadan daha çox sabitliyin idarə olunmasının önəmli olduğu arqumenti məhz bu məqamda güclənir. Çünki İran kimi kövrək və çoxqatlı bir ölkədə rejimin qəfil süqutu etnik münaqişələr, regional parçalanma, enerji böhranları və Çin-Rusiya oxunun daha aqressiv müdaxiləsi kimi risklər yarada bilər. Rza Pəhləvi Qərb mediasında görünsə də, İrandakı mütəşəkkil qüvvələr balansında ciddi təsir yarada bilməyib.
İran silahlı qüvvələri daxilində effektiv şəbəkəsinin olmaması, ölkə daxilində güclü siyasi təşkilatının olmaması və müxalifətin özündə belə tam konsensusa nail ola bilməməsi onu daha çox media mərkəzli bir fiqur halına gətirir. Onun son zamanlar xarici hərbi müdaxilələrə açıq dəstəyi İran müxalifəti daxilində ciddi parçalanmaya səbəb olub.
Buna görə də, bir çox müşahidəçinin fikrincə, Qərb Pəhləvini real alternativdən daha çox psixoloji təzyiq və media müharibəsi elementi kimi görürdü.
“New York Times”dakı məqalənin münaqişənin nisbətən sakitləşdiyi zamanda dərc edilməsi də diqqət çəkir. Ekspertlərin fikrincə, bu nəşr Qərbin ilkin hesablamalarının uğursuzluğunu etiraf etmək və eyni zamanda İrandan sonrakı ssenarilərin təməllərinin praqmatikliyini nümayiş etdirmək məqsədi daşıyır.
Çünki ortaya çıxan mənzərə aydındır: Vaşinqton və Təl-Əviv üçün məsələ demokratiya deyil, təhlükəsizlik və idarəolunan qüvvələr balansıdır.
Bu proses, həmçinin, İran müxalifətinə sərt bir reallığı xatırlatdı.
Xaricdən dəstəklənən “rejim dəyişikliyi” layihələri nəinki uğursuz oldu, həm də İran daxilində “xarici düşmən” narrativinin yenidən güclənməsinə də yol açdı.
Nə Əhmədinejad, nə də Pəhləvi İran cəmiyyətinin böyük təbəqələrinin tam etibarını qazanan fiqurlar deyil.
Biri mövcud sistemin keçmiş və köhnəlmiş simalarından biri kimi qəbul edilir; digəri isə xarici güclərlə həddindən artıq sıx əlaqələrə malik olduğuna görə tənqid olunur.
İranın gələcəyinin Vaşinqton, Təl-Əviv və ya xarici mərkəzlər tərəfindən deyil, İran daxilindəki sosial dinamika, müstəqil demokratik dairələr və ən əsası, İranda yaşayan millətlərin həqiqi iştirakı ilə formalaşacağı faktı hər gün daha çox özünü göstərir. Çünki bu müharibələrin bədəlini yenə sadə xalq ödədi.
Və görünür ki, İran məsələsindəki ən böyük çatışmazlıq hələ də eyni olaraq qalır: xalqın iradəsinə əsaslanan real və müstəqil bir həll yolu hazırlaya bilməmək”.
Tərcümə etdi: Gülnar Səlimova