“Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin diplomatik korpus nümayəndələri ilə birlikdə Qarabağa və Şərqi Zəngəzura səfəri Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biridir”.
Bu sözləri Globalinfo.az-a politoloq Tamilla Qulami deyib.
Politoloq bildirib ki, bu cür səfərlər sadəcə diplomatik nümayəndələrin bölgə ilə tanışlığı məqsədi daşımır:
“Əslində, Azərbaycan bu səfərlər vasitəsilə həm beynəlxalq ictimaiyyətə yeni reallıqları yerində göstərir, həm də regionun gələcəyi ilə bağlı öz siyasi, iqtisadi və təhlükəsizlik konsepsiyasını diplomatik nümayəndələr vasitəsilə dünyaya çatdırır.
44 günlük Vətən müharibəsindən və Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsindən sonra Qarabağ və Şərqi Zəngəzur artıq Azərbaycan üçün yalnız keçmiş münaqişə zonası deyil. Bu ərazilər yeni inkişaf, bərpa, məskunlaşma və regional inteqrasiya layihələrinin həyata keçirildiyi strateji məkanlardır.
Diplomatik korpusun məhz bu bölgələrə aparılması da Azərbaycanın dünyaya vermək istədiyi əsas mesajlardan birini ortaya qoyur. Xatırlayaq ki, illərlə Azərbaycanı sevməyən qüvvələr diplomatik masada Qarabağ mövzusunu əsas kimi qoyurdular, Azərbaycana qarşı çıxış edirdilər. Biz isə dünyaya bir daha sübut edirik ki, Qarabağın statusu məsələsi artıq tarixdə qalıb və bu ərazilərin gələcəyi Azərbaycanın suverenliyi, Konstitusiyası və dövlət siyasəti çərçivəsində müəyyən edilir.
Cənab Hacıyevin bu tip səfərlər zamanı çıxışlarının əsas siyasi mahiyyəti də Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı haqlı zəfərdən sonrakı reallıqları beynəlxalq diplomatik auditoriyaya izah etməkdir. Çünki diplomatik nümayəndələrin bölgəni öz gözləri ilə görməsi ilə müxtəlif xarici mənbələrdən aldıqları məlumat arasında ciddi fərq var. Yerində tanışlıq diplomatlara işğal dövründə şəhər və kəndlərin hansı vəziyyətə salındığını, mədəni və tarixi irsin necə dağıdıldığını, eyni zamanda Azərbaycanın qısa müddətdə bu ərazilərdə hansı miqyasda yenidənqurma işləri həyata keçirdiyini birbaşa öz gözləri ilə görmək imkanı yaradır.
Ona görə də belə səfərlər alqışa layiqdir. Çünki bu tip səfərlərin mühüm istiqamətlərindən biri qeyd etdiyim kimi, Ermənistanın işğalı zamanı vandalizm nəticəsində dağıdılmış şəhər və kəndlərin, ərazidə olan bütün maddi-mənəvi abidələrin indi necə bərpa olunduğunu beynəlxalq diplomatik korpusun diqqətinə çatdırılmasıdır”.
Politoloq bildirib ki, Ağdam, Füzuli, Şuşa, Zəngilan, Cəbrayıl, Laçın və digər ərazilərdə görünən mənzərə Azərbaycanın uzun illər ərzində üzləşdiyi humanitar və iqtisadi nəticələrin real göstəricisidir:
“Bu gün biz diplomatlara faktiki olaraq deyirik ki, Qarabağla bağlı müzakirələr artıq siyasi bəyanatlar və ya münaqişə terminləri üzərində qurulmamalıdır. Burada konkret faktlar, dağıdılmış şəhərlər, minalanmış ərazilər və yüz minlərlə insanın öz doğma yurdlarından məcburi köçkün düşməsi kimi reallıqlar var.
Bu səfərlər həmçinin Azərbaycanın quruculuq gücünü nümayiş etdirmək məqsədi də daşıyır. Qarabağ və Şərqi Zəngəzurda yeni hava limanlarının, avtomobil və dəmir yollarının, yaşayış məntəqələrinin, enerji infrastrukturlarının inşa edilməsi Azərbaycanın bölgəyə münasibətinin yalnız keçmişin nəticələrini aradan qaldırmaqdan ibarət olmadığını göstərir. Azərbaycan burada tamamilə yeni iqtisadi və sosial model qurmağa çalışır. “Ağıllı kənd”, “Ağıllı şəhər”, yaşıl enerji zonası və müasir nəqliyyat infrastrukturu nəzəriyyəsi Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişaf strategiyasının əsas elementlərindəndir.

Tamilla Qulami
Diplomatik korpusun bu proseslə tanış olması, həm də gələcək beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətlidir. Azərbaycanda akkreditə olunmuş səfirlər və diplomatlar öz ölkələrinin siyasi rəhbərliklərinə, biznes dairələrinə və ictimai institutlarına bölgədəki real vəziyyət barədə məlumat verirlər. Bu isə gələcəkdə xarici investisiyaların cəlb olunmasına, beynəlxalq şirkətlərin bərpa prosesində iştirakına və müxtəlif dövlətlərin Azərbaycanla Qarabağ və Şərqi Zəngəzur istiqamətində əməkdaşlıq imkanlarını genişləndirməsinə şərait yarada bilər”.
T.Qulami qeyd edib ki, Azərbaycanın verdiyi digər mühüm mesaj isə təhlükəsizliklə bağlıdır:
“Uzun illər münaqişə və hərbi qarşıdurma ilə assosiasiya olunan bu ərazilərə onlarla ölkənin diplomatik nümayəndələrinin aparılması göstərir ki, Azərbaycan artıq Qarabağda yeni təhlükəsizlik mühiti formalaşdırıb. Diplomatik korpusun bölgəyə müntəzəm səfərləri həm də beynəlxalq auditoriyada Qarabağın münaqişə zonası kimi təqdim olunması cəhdlərini sıradan çıxarır. Azərbaycan göstərir ki, burada artıq yeni həyat başlayır və dövlət öz suveren ərazilərində təhlükəsizliyi, idarəçiliyi və inkişafı təmin edir.
Şərqi Zəngəzurun bu səfərlərdə xüsusi yer tutması da təsadüfi deyil. Bu region yalnız Azərbaycanın bərpa olunan ərazilərindən biri deyil, həm də gələcək regional kommunikasiya və nəqliyyat layihələrinin mühüm mərkəzlərindəndir. Azərbaycan Şərqi Zəngəzuru beynəlxalq nəqliyyat dəhlizləri, logistika imkanları və regional iqtisadi əməkdaşlıq baxımından strateji məkan kimi təqdim edir. Bu mənada diplomatik korpusun bölgəyə aparılması xarici dövlətlərə Azərbaycanın gələcək regional mənzərəsini izah etmək baxımından da vacibdir.
Belə səfərlərin siyasi mesajlarından biri də Ermənistan və regionda marağı olan digər aktorlara ünvanlanır. Azərbaycan açıq şəkildə nümayiş etdirir ki, Qarabağ və Şərqi Zəngəzurla bağlı qərarları artıq heç bir kənar güc müəyyən etmir. Azərbaycan öz ərazilərində suveren siyasət həyata keçirir, bərpa proqramlarını özü müəyyənləşdirir və gələcək inkişaf modelini özü qurur. Bu, həm dövlət suverenliyinin nümayişidir, həm də müharibədən sonrakı dövrdə Azərbaycanın regional güc kimi mövqeyinin möhkəmləndirilməsidir”.
Politoloqun sözlərinə görə, Hikmət Hacıyevin diplomatik korpusla birlikdə bu səfərləri həm də informasiya diplomatiyasının mühüm elementidir:
“Müasir dövrdə müharibələr yalnız hərbi meydanda aparılmır, informasiya və diplomatiya sahəsində də ciddi mübarizə gedir. Qarabağla bağlı uzun illər müxtəlif dairələrdə formalaşdırılmış yanlış və birtərəfli təsəvvürlərin aradan qaldırılmasının ən təsirli yolu beynəlxalq diplomatların reallığı yerində görməsidir. Yerində görülən faktların diplomatik təsiri bəzən yüzlərlə siyasi bəyanatdan daha güclü olur.
Ona görə də Qarabağa və Şərqi Zəngəzura diplomatik korpusla həyata keçirilən səfərlər Azərbaycanın çoxşaxəli siyasi strategiyasının tərkib hissəsidir. Qeyd etdiyim kimi, Bakının mesajı həm də budur ki, Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsa da, işğalın nəticələri unudulmamalıdır. Biz görmək istəməyənə də təqdim edirik ki, bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri başlayıb, bölgədə təhlükəsizlik və sabitlik təmin edilir, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın gələcək iqtisadi inkişafının və regional nəqliyyat layihələrinin mühüm mərkəzlərindən biridir. Bu, bizim torpaqlarımızdır, torpaqların əsl sahibi isə onu dağltmaz, əksinə, yeniləyər, bərpa edər, orada tikinti işləri həyata keçirər. Bu, dağıntıdan dirçəlişə, münaqişədən inkişaf mərhələsinə keçən bir bölgənin nümayişidir. Hikmət Hacıyevin və digər dövlət rəsmilərinin bu səfərlərdə verdiyi mesajların əsas mahiyyəti də budur. Biz bu gün Qarabağ və Şərqi Zəngəzurda təkcə keçmişin yaralarını sağaltmır, həm də bütün regionun gələcəyinə təsir edə biləcək yeni siyasi, iqtisadi və geostrateji reallıq yaradırıq”.
Turan Rzayev
Globalinfo.az