MCB Hajj 5 1

ABŞ Milli Kəşfiyyatının rəhbəri Tulsi Qabbard istefa verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Tulsi Qabbard vaxtilə Demokratlar Partiyasından Konqres üzvü olub. Daha sonra partiyadan ayrılaraq Donald Tramp komandasına yaxınlaşıb və Vaşinqtonun daha ehtiyatlı xarici siyasət yürütməsinin tərəfdarı kimi çıxış edib.

Qabbardın mövqeləri ABŞ-də tez-tez müzakirələrə səbəb olub. O, ABŞ-ın xarici ölkələrdə hərbi müdaxilələrini tənqid edib, rejim dəyişikliklərinə qarşı olduğunu bildirib və uzunmüddətli müharibələrə skeptik münasibət sərgiləyib. Qabbard hesab edirdi ki, Vaşinqton müttəfiqlərin təzyiqi altında avtomatik şəkildə münaqişələrə cəlb olunmamalıdır.

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan sonra isə o, ABŞ və NATO-nun Rusiyanın Ukraynanın NATO-ya mümkün üzvlüyü ilə bağlı qanuni narahatlıqlarını nəzərə alacağı təqdirdə müharibənin qarşısının alına biləcəyini deyib. Daha sonra Qabbard Ukraynadakı biolaboratoriyalar mövzusunu da aktiv şəkildə gündəmə gətirib.

Daha əvvəl ABŞ Milli Antiterror Mərkəzinin rəhbəri Co Kent də istefa verib. O, Qabbardın əsas məsləhətçilərindən biri sayılırdı.
Kent İranla müharibəni dəstəkləmədiyini bildirərək, Tehranın ABŞ üçün birbaşa təhlükə yaratmadığını qeyd edib.

O həmçinin bəyan edib ki, münaqişə İsrail və onun lobbi dairələrinin təzyiqi nəticəsində başlayıb. Kentin sözlərinə görə, ABŞ kursunu dəyişməsə, ölkə tənəzzül və xaosa doğru sürüklənə bilər.

Amerika mediası Tramp administrasiyası daxilində İran məsələsinə görə ciddi fikir ayrılıqlarının qaldığını, kəşfiyyat strukturlarında yeni istefaların da mümkün olduğunu yazır.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: