ABŞ Konqo Demokratik Respublikasında (KDR), Uqandada və Cənubi Sudanda yayılan Ebola virusunun “Bundibugyo” növü ilə bağlı yeni məhdudiyyətlər tətbiq edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “CDC” məlumat yayıb.
Bildirilib ki, son 21 gün ərzində bu ölkələrdə olmuş xarici vətəndaşların ABŞ-a girişinə müvəqqəti qadağa qoyulub. ABŞ vətəndaşları və burada daimi yaşamaq hüququ olan şəxslər isə ölkəyə buraxılacaqlar.
Məlumata əsasən, həmin şəxslər əlavə tibbi yoxlamadan keçəcək və xüsusi anketlər dolduracaqlar.
Bu məqsədlə sərnişinlər Vaşinqton yaxınlığındakı beynəlxalq hava limanına yönləndiriləcək.
“CDC” bildirib ki, tədbirlər Ebola virusunun mümkün yayılmasının qarşısını almaq üçün həyata keçirilir.
ÜST isə qeyd edir ki, “Bundibugyo” növü üçün hazırda təsdiqlənmiş vaksin və xüsusi müalicə mövcud deyil.
Virusa yoluxma halları əsasən KDR-də qeydə alınıb, lakin Uqandada da təsdiqlənmiş hallar aşkarlanıb.
ABŞ rəsmiləri ölkədə riskin aşağı olduğunu bildirsələr də, vəziyyətə görə nəzarətin gücləndirildiyini vurğulayıblar.
Əliyar Xəlil
Globalinfo.az