Azərbaycanlılar olaraq tarixin bir çox səhifəsində ya mədəniyyət, incəsənət, ya da cəsarət və şücaətimizlə gedişata yön vermişik. Burada sadəcə ölkənin möhtəşəm coğrafi mövqeyi deyil, xalqın da rolu danılmaz olub.
Belə səhifələrdən biri də, şübhəsiz, İkinci Dünya müharibəsi idi. Yeni nəsilə yad gələn, biz və bizdən öncəkilərin mübarizə duyğusunu, vətən sevgisini formalaşdıran meydanlardan biri.
9 May – Mingəçevir
Mingəçevirdə çoxlarının xəbərsiz olduğu, lakin Mərkəzi Aran bölgəsində kifayət qədər məşhur bir Qələbə abidəsi var, faşizm üzərində qalibiyyətin şərəfinə ucaldılıb. Evimiz abidənin yanında olduğu üçün 9 Mayı hər il çox yaxın mənzərədə müşahidə edirdim. Səhər saat 7-dən başlayaraq “Hay ver mənə, cənab leytenant” və bu qəbildən olan vətənpərvər, müharibə məzmunlu mahnılar səsləndirilir, evimizin eyvanında abidəyə gedənləri izləyərdik. Müharibə veteranları sinələrində orden və medallar, əllərində çiçəklə, tək sıra halında söhbət edərək abidəyə gedir, arxalarından hava-dəniz-quru qoşunlarının hərbi geyimlərində məktəblilər, bağça uşaqları, institut tələbələri gəlir, müəllimlər hər birini müşayiət edir, şəhər sakinləri sevinc və həyəcanla abidəyə yönəlirdi. Saat 10-da şəhər icra hakimiyyətinin də iştirakı ilə abidənin qarşısında təntənəli tədbir başlayırdı. Əvvəlcə müharibə içtirakçısı olan qəhrəmanlara təşəkkür edilir, onlar təltif olunur, alqışlanır, sonra vətənpərvət mahnılar, şeirlər, səsləndirilirdi. Tədbirin sonunda isə hər kəs yolun kənarında toplanır, bağça uşaqlarından 11-ci sinif şagirlərinə qədər gənc nəslin hərbi paradı izlənərdi.

Qələbə abidəsi, Mingəçevir
Tədbirin dəyişməyən qaydası mütləq şəkildə Birinci Qarabağ müharibəsinin yad edilməsi, işğal altında torpağımızın olduğunun xatırladılması və böyüklərin yeni nəsilə Qarabağa həsrət duyğusunu, onun azadlığı üçün çalışmaq məsuliyyətini ötürməsi idi. Şəhərdə 9 May ənənəsi əsla dəyişmirdi, bütün Mingəçevir bu qələbəni Azərbaycanın vətənpərvər insanlarının əməyinin, fədakarlığının nəticəsi kimi qeyd edirdi.
Lakin bu tarxin mənim üçün yeri daha başqadır…
Yəqin ki, bir çoxumuzun babası sözügedən müharibədə iştirak edib, analarımızdan, atalarımızdan onların hekayələrini eşidərək böyümüşük. Babam Xəlil Hüseynov 1905-ci ildə doğulub, mən dünyaya gəlmədən əvvəl vəfat etsə də, onun medalları uşaqlığımın ən gözəl suvenerlərindən idi. 1941-ci ildə SSRİ müharibəyə qoşulanda o da cəbhəyə gedir. Azərbaycanlılarla birlikdə Yuqoslaviya, Albaniya, Yunanıstanda vuruşur, hədəf Almaniya olur. Çox ağır vəziyyətlərə tab gətirərək Almaniyaya kimi döyüşərək getməyi bacarırlar. Lakin bir neçə silah yoldaşı ilə birlikdə Yuqoslaviya ərazisində əsir düşürlər. Burada əsir düşərgəsində qısa müddət qalsalar da, nəhayət, qaçmağı bacarırlar. Amma hara? Cəbhəyə. Onlar çətinliklə də olsa SSRİ qoşunlarını tapıb döyüşlərə yenidən qoşulurlar. Geri qayıtmağı düşünmürlər, faşizm təhlükəsinin vətənlərini təhdid etməsini göz önünə qoyur, sadəcə irəli gedirlər, bu təhlükəni nəyin bahasına olursa olsun, aradan qaldırmağa. Ac, susuz, yaralı halda olsalar da, hədəflərindən geri dönmək əsla ağıllarından keçmir.
1945-ci ildə bir alman kəndinə çatdıqları zaman radiodan müharibənin bitdiyini və qələbə qazandıqarı elanını eşidirlər. Lakin müharibədə yaşadıqları sadəcə zəfər deyildi, çox ağır mübarizə yolu idi. O, ölkəsinə qayıdır, amma üzü, bədəninin müxtəlif hissələrində yaralarla. Babam doğum ilini bilsə də, ay və günü əsla bilməyib. Bu səbəbdən övladlarına 9 May tarixini onun da doğum günü kimi qeyd etməyi vəsiyyət edib. Bu ənənəni qızları davam etdirir, məzarına gedir, orada qeyd edirlər. Onun müharibə ilə bir xatirəsi necə dəhşətlərdən keçdiklərini açıq göstərir. Babam deyirdi: “Özümüzkilərlə döyüşdən çıxıb meşədə gedirdik, ac idik, yemək yox idi. Ölü bir at gördük. Yaşamaq üçün məcbur gedib yeməyə başladıq. Ölü çiy at ətini elə yeyirdik ki, bağırsağını görəndə qarnımıza bir şey getdiyi üçün sevinirdik. Çox ağır idi”.
Heç bir təhsil müəssisəsinə getməsə də, çobanlıq edərkən boş dayanmır, yaxınlarından latin, ərəb və kiril qrafikasını öyrənir. Müharibədən qayıtdıqdan sonra kursa yazılır. Burada müəllimi tarix dərsində ona 4 qiyməti verir. Babamın reaksiyası ilə belə olur: “Siz tarixi kitablardan öyrədirsiz, biz isə o tarixi yazıb gəlmişik”. Onun sözləri müəllimi kövrəldir və qiyməti 5 ilə əvəzləyir.
Babamın övladlarına miras buraxdığı sadəcə medalları və xatirələri deyildi, Vətən sevgisi, cəsarəti, ölkəsinə bağlılığı idi. Onun yetişdirdiyi oğlu Birinci Qarabağ müharibəsinə qatılır, adını daşıyan nəvəsi isə İkinci Qarabağ müharibəsində iştirak edir.
İkinci Dünya müharibəsi sadəcə SSRİ-nin deyil, faşizmə qarşı mübarizə aparan bütün xalqların qələbəsi idi. Xüsusilə Bakı nefti, azərbaycanlıların şücaəti dünyanı silkələyən təhdidin aradan qaldırılmasında danılmaz rol oynadı.
Biz Vətən müharibəsi adlandırdığımız bu savaşı öz xalqımızın qəhrəmanlarının qələbəsi kimi qeyd edirik. Müharibədə iştirak edən yüz minlərlə azərbaycanlının, həlak olan yüz minlərlə soydaşımızın zəfəridir.
Babam Azərbaycan Xalq Cümhuriyyətini, Sovetlərin qurulmasını, İkinci Dünya müharibəsini görüb, müstəqilliyimizin isə sadəcə iki ilində yaşayıb. Həyatının çox hissəsi SSRİ dövründə keçib, lakin bütün övladlarını Azərbaycan sevgisi ilə yetişdirib, onun bu mirası sonrakı nəsillərə də ötürülür. Bir çoxumuzun babasının, nənəsinin Böyük Vətən müharibəsindəki qəhrəmanlıqları, cəsarətləri 80 il sonra da bizə yol göstərir. Dövr dəyişsə də, qan yaddaşı, fitrət əsla dəyişmir.
Ayşən Mustafa
Globalinfo.az