Ermənistan parlamentinin sədri Alen Simonyanın Belarusu “Rusiyanın əyaləti” adlandırması iki ölkə arasında gərginliyə səbəb olub. Ermənistanın Minskdəki müvəqqəti işlər vəkili Artur Sərkisyanı Belarus Xarici İşlər Nazirliyinə çağırılıb, diplomata etiraz bildirilib.
Bu gərginlik uzunmüddətli siyasi böhrana çevriləcək, yoxsa qısamüddətli diplomatik insident kimi qalacaq?
Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Simonyanın sözləri iki ölkə arasında diplomatik gərginliyi daha da dərinləşdirib:
“Belarus Xarici İşlər Nazirliyinin ermənistanlı diplomatı çağıraraq rəsmi etiraz bildirməsi Minskin bu bəyanatı yalnız emosional çıxış deyil, dövlət suverenliyinə qarşı hörmətsizlik kimi qəbul etdiyini göstərir. Əslində, məsələ bir açıqlamadan daha geniş siyasi məna daşıyır. Bu, Ermənistanın son illərdə Rusiya və KTMT məkanından tədricən uzaqlaşan siyasi kursunun növbəti təzahürü kimi qiymətləndirilə bilər.

Aytən Qurbanova
Belarus isə Rusiyanın əsas strateji tərəfdaşlarından biri kimi bu ritorikanı bütövlükdə mövcud təhlükəsizlik sisteminə yönəlmiş mesaj hesab edir. Bununla belə, hazırkı gərginliyin uzunmüddətli siyasi böhrana çevrilməsi ehtimalı hələlik yüksək görünmür. Çünki Ermənistan həm iqtisadi, həm də təhlükəsizlik baxımından postsovet məkanındakı əlaqələrindən tam imtina edə biləcək vəziyyətdə deyil. Belarus da münasibətlərin tam qırılmasında maraqlı görünmür. Daha real ssenari isə müəyyən müddət qarşılıqlı sərt bəyanatların davam etməsi və münasibətlərin siyasi baxımdan soyumasıdır”.
Turan Rzayev
Globalinfo.az