ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun yaxın vaxtlarda İran rəsmiləri ilə danışıqlar apardığı bildirilir.
Globalinfo.az-ın xəbərinə görə, bu barədə “Al Arabiya” telekanalı Pakistan mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrə görə, görüşlər dolayı formatda keçirilib, lakin vaxtı açıqlanmayıb. Bildirilir ki, artıq tərəflərin böyük hissə üzrə razılaşdığı saziş layihəsi var. Layihə döyüşlərin mərhələli dayandırılması və növbəti danışıqların qrafikini müəyyənləşdirir. Eləcə də müharibənin tam dayandırılmasını və Hörmüz boğazı vasitəsilə beynəlxalq gəmiçiliyin bərpasını nəzərdə tutur.
Bundan başqa, layihəyə İranın dondurulmuş aktivlərinin açılması, zənginləşdirilmiş uranla bağlı müddəalar daxil edilib.
Mənbələr bildirir ki, İran nüvə silahına sahiblənmək niyyətinin olmadığını təsdiqləyib və Vaşinqton bunu müsbət qarşılayıb. Bununla yanaşı, Tehran uranı zənginləşdirmək və atom enerjisindən sülh məqsədilə istifadə etmək hüququnu təsdiqləyir.
Tərəflər ilkin razılaşmaya yaxınlaşsa da, danışıqlar prosesinin bir neçə ay çəkəcəyi qeyd olunur. Pakistanın gələn həftə danışıqların ikinci raunduna ev sahibliyi edəcəyi gözlənilir və tərəflərin ABŞ prezidenti Donald Trampın Çinə planlaşdırılan səfərinədək ilkin razılığa gəlməsi istənilir. Mənbələrə görə, məsələlərin 80–85 faizi razılaşdırılıb, lakin əsas maneə nüvə məsələsi olaraq qalır.
Əliyar Xəlil
Globalinfo.az