ben

ABŞ-da benzin qiymətləri rekord həddə çatıb. Belə ki, bir qallon üçün 4,39 dollar olub. Münaqişənin başlanmasından sonra etilsiz benzinin orta qiyməti 47 faizdən çox artıb, neft isə ilin əvvəlindən təxminən 80 faiz bahalaşıb.

Bu vəziyyət ABŞ-ın İran qarşısında geri addım atmasına səbəb ola bilərmi?

Globalinfo.az-a danışan iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Günay Hüseynova deyib ki, neft qiymətlərinin artması ABŞ-da həm birbaşa, həm də dolayı yolla müxtəlif sahələrdə bahalaşmaya səbəb olub:

“Mövcud vəziyyət inflyasiyanı sürətləndirir və kütləvi narazılıqları artırır. Lakin ABŞ-ın İranla bağlı geri addım atacağını düşünmürəm. Daha çox yumşalma siyasəti, OPEC vasitəsilə ixracatçı ölkələrə təzyiq və ya müttəfiq ərəb ölkələrində hasilatın artırılması kimi alternativ addımlar mümkündür. İnflyasiyanın isə hələ pik həddinə çatmadığı ehtimal olunur. Bu tendensiya davam edərsə, enerji xərclərinin artımı istehsal və logistika sahələrində əlavə təzyiq yaradaraq ümumi qiymət səviyyəsini daha da yüksəldə bilər”.

gun

Günay Hüseynova

İqtisadçı bildirib ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini artırmaqda davam etmə ehtimalı var:

“Bu da iqtisadi artım tempini zəiflədə bilər. Eyni zamanda, yüksək yanacaq qiymətləri istehlakçı tələbatını məhdudlaşdıraraq daxili bazarda aktivliyi azaldar. Enerji bazarlarında qeyri-müəyyənliyin qalması investor davranışına da təsir edərək kapital axınlarında dalğalanmalara səbəb ola bilər. Qlobal təchizat zəncirindəki risklər və geopolitik gərginliklər isə yaxın perspektivdə qiymətlərin sabitləşməsini çətinləşdirir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: