sahin bagirov 1

Gömrük Məcəlləsi bir neçə il əvvəl qəbul olunub və qlobal iqtisadi mühitin sürətli dəyişməsi, beynəlxalq ticarət mexanizmlərinin inkişafı bu sahədə qanunvericiliyin mütəmadi təkmilləşdirilməsini zəruri edir. Bu baxımdan Məcəlləyə dəyişikliklərin edilməsi artıq obyektiv ehtiyaca çevrilib”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Dövlət Gömrük Komitəsinin (DSK) sədri Şahin Bağırov deyib.

O bildirib ki, yeni layihənin əsas məqsədi biznes mühitinə dəstəyin gücləndirilməsi, sahibkarlığın inkişafının təşviqi və gömrük orqanlarının fəaliyyətinin daha səmərəli təşkilidir:

“Emal əməliyyatları ilə bağlı səsləndirilən fikirlərə münasibətdə qeyd etmək istərdim ki, idxal olunan və gömrük anbarlarında saxlanılan yüklər üzərində müxtəlif dövrlərdə əməliyyatların aparılmasına ehtiyac yaranır. Yeni layihədə bu proseslərin daha dəqiq tənzimlənməsi və icazə verilən əməliyyatların konkretləşdirilməsi nəzərdə tutulur.

Rəqəmsallaşma məsələsinə gəldikdə isə, vurğulamaq lazımdır ki, bu proses məhz subyektivliyin aradan qaldırılmasına xidmət edir. Gömrük sahəsində rəqəmsal həllərin geniş tətbiqi qərarların şəffaflığını artırır və insan faktorundan asılılığı minimuma endirir”.

Sədr qeyd edib ki, yoxlamalarla bağlı yeni yanaşma da diqqətəlayiqdir:

“Layihədə gömrük auditinin daha dəqiq təsnifatı aparılır və kameral yoxlama ilə səyyar yoxlama anlayışları ayrılır. Kameral yoxlamalar əsasən elektron məlumatlar əsasında məsafədən həyata keçiriləcək, bu isə səyyar yoxlamaların sayını əhəmiyyətli dərəcədə azaldacaq. Səyyar yoxlamalar yalnız zəruri hallarda tətbiq olunacaq və digər dövlət orqanları, o cümlədən vergi xidməti ilə koordinasiya şəraitində həyata keçiriləcək.

Audit prosedurları ilə bağlı da yeni mexanizmlər nəzərdə tutulur. Audit nəticələri üzrə qərarlardan həm məhkəmə, həm də inzibati qaydada şikayət verilməsi imkanları təmin edilir ki, bu da biznes subyektlərinin hüquqlarının qorunmasını gücləndirir. Bununla yanaşı, yeni layihədə risk əsaslı gömrük nəzarəti mexanizmlərinin tətbiqi genişləndirilir. Bu yanaşma artıq beynəlxalq praktikada geniş istifadə olunur və ölkəmizdə də son illərdə effektivliyini sübut edib.

Məhz risk idarəetmə sisteminin tətbiqi nəticəsində dövlət büdcəsinə gömrük daxilolmaları əhəmiyyətli dərəcədə artıb. Bu isə həm nəzarətin effektivliyini, həm də şəffaflığın yüksəldiyini göstərir. Ümumilikdə, təklif olunan dəyişikliklər gömrük sistemində şəffaflığın artırılmasına, rəqabət mühitinin yaxşılaşdırılmasına və biznes subyektlərinə daha əlverişli şərait yaradılmasına xidmət edir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: