Fransa Xarici İşlər Nazirliyi ölkədə təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən vətəndaşlarını Mali ərazisini mümkün qədər tez tərk etməyə çağırıb.
Globalinfo.az-ın xəbərinə görə, nazirliyin bəyanatında qeyd olunur ki, ölkənin müxtəlif bölgələrində 25 aprel tarixində baş verən silahlı toqquşmalardan sonra təhlükəsizliklə bağlı vəziyyət son dərəcə qeyri-sabit olaraq qalır.
Fransa vətəndaşlarına kommersiya aviareysləri ilə Mali ərazisini ən qısa zamanda tərk etmək tövsiyə olunur.
Bundan əlavə, Malidə qalmağa davam edən şəxslərə yaşayış yerlərini tərk etməmək, yaxınları ilə əlaqə saxlamaq və zəruri səfərlər zamanı maksimum ehtiyatlı olmaq məsləhət görülür. Onlara xəbərləri diqqətlə izləmək və yerli hakimiyyət orqanlarının göstərişlərinə ciddi əməl etmək tapşırılır. Fövqəladə hallarda isə Fransa vətəndaşlarına Malidəki baş konsulluğa müraciət etmələri məsləhət görülür.
Xatırladaq ki, Mali ordusunun Baş Qərargahı terrorçuların hərbi obyektlərə, o cümlədən paytaxt Bamako şəhərinə hücum etdiyini bildirib. Həmçinin hakimiyyət orqanları müdafiə naziri Sadio Camaranın iqamətgahına edilən hücum nəticəsində həlak olduğunu təsdiqləyib.
Keçid dövrünün prezidenti Assimi Goita isə silahlı qruplaşmalara qarşı mübarizənin onların tam məhv edilməsinə qədər davam edəcəyini açıqlayıb.
Əliyar Xəlil