metro tikinti

Sosial şəbəkələrdə “Bakı Metropoliteni” QSC-nin Mərkəzi Park ərazisində yeni B5 stansiyasının tikintisi ilə bağlı açıqlaması müzakirələrə səbəb olub. Layihəyə görə, yeni stansiyanın Nizami stansiyası yaxınlığında və parkın altında yerləşməsi planlaşdırılır. Bəzi mütəxəssislər ərazinin hidrogeoloji baxımdan mürəkkəb olduğunu və yeraltı suların aktivliyinin risk yarada biləcəyini bildirir. Xüsusilə bu xətt üzrə əvvəllər yaşanan texniki çətinliklər narahatlığı artırır. Məsələ həm təhlükəsizlik, həm də iqtisadi səmərəlilik baxımından suallar doğurur.

Bu ərazinin hidrogeoloji xüsusiyyətlərini nəzərə alaraq, belə bir metro layihəsinin tikintisi nə dərəcədə təhlükəsiz və məqsədəuyğundur? Mümkün risklər necə idarə oluna bilər?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib ki, metropolitenin 59 illik fəaliyyəti dövründə ölkədə tikinti sahəsi əhəmiyyətli inkişaf mərhələsi keçib:

“Artıq müasir texnologiyaların tətbiqi adi praktikaya çevrilib. Bu baxımdan, yeni xətlərin keçəcəyi ərazilərin ciddi təhlil olunduğu və həmin kritik infrastrukturun müasir texnologiyalar əsasında inşa ediləcəyi gözləniləndir. Bu layihə şəhər üçün hava və su kimi lazımdır. Çünki metro ictimai nəqliyyatda ən effektiv vasitədir. 1-2 dəqiqəlik intervalla hərəkət edən, 5 vaqonlu qatarlar 1600-2000 sərnişin daşımaq imkanına malikdir. Bənövşəyi xətt üzrə isə 7 vaqonlu qatarların istifadəsi nəzərdə tutulur ki, bu da sərnişin tutumunu daha da artıracaq”.

rauf agamirzeyev 1

Rauf Ağamirzəyev

Ekspert bildirib ki, yeni xətlərin mövcud xətlərlə kəsişmə nöqtələri xüsusi əhəmiyyət kəsb edir:

“Bu keçidlərin optimal təşkili şimal istiqamətindən gələn sərnişinlərin şəhərin müxtəlif hissələrinə rahat və çevik şəkildə hərəkət etməsinə imkan yaradacaq. Eyni zamanda, şəhər mərkəzindən şimal istiqamətinə tıxaclardan kənar alternativ çıxış imkanları formalaşacaq. Bakının mürəkkəb hidrogeoloji şəraitinə baxmayaraq, layihənin reallaşdırılması zəruridir. Bu istiqamətdə artıq qərarlar qəbul olunub və əsaslı təhlillər aparılır. Tikinti mərhələsində də məsələyə yüksək səviyyədə yanaşılacaq. Yekunda şəhər müxtəlif istiqamətlər üzrə sürətli və rahat hərəkəti təmin edən yeni nəqliyyat infrastrukturu qazanacaq”.

Qeyd edək ki, sözügedən layihənin 2030-cu ilə qədər tamamlanması planlaşdırılır.

Ləman İmran
Globalinfo.az

Paylaş: