pasinyan masin

Davam edən sülh prosesi fonunda İrəvanda AzərbaycanTürkiyə bayraqlarının yandırılması bir sıra suallar doğurub.

Analitiklərin fikrincə, bu cür hadisələr təkcə ictimai narazılığın ifadəsi kimi deyil, həm də müəyyən siyasi dairələrin məqsədyönlü addımı kimi qiymətləndirilə bilər. Beləliklə, hadisənin sülh prosesinə zərər verməyə çalışan qüvvələr tərəfindən törədildiyi güman edilir.

Digər tərəfdən, Ermənistanda revanşist meyillərin hələ də qalması və bu qüvvələrin müxtəlif xarici mərkəzlərdən dəstək alması ilə bağlı iddialar da yenidən aktuallaşıb.

TürkiyəAzərbaycan bayraqlarının İrəvanda yandırılmasının arxasında nə dayanır? Polis və təhlükəsizlik qüvvələri hadisəyə niyə müdaxilə etməyib? Bu cür hadisələr sülh prosesini zədələyə və ya ertələyə bilərmi?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov bildirib ki, TürkiyəAzərbaycan bayraqlarının İrəvanda yandırılmasında Ermənistanın Baş naziri Nikol Paşinyan və komandasının rolu var:

Azərbaycan dövləti haqlı olaraq polis və hüquq-mühafizə orqanlarının prosesə müdaxilə etməməsinə görə Ermənistan tərəfini ittiham edir. Bu, tam əsaslı reaksiyadır. Məsələ ondadır ki, Paşinyan hakimiyyəti öz mövqeyinə təhlükə yarandıqda müxalifəti və etirazçıları zərərsizləşdirmək üçün dəfələrlə polis gücündən istifadə edib. Hətta keçmiş prezident Robert Köçəryanın oğlunun aksiyalar zamanı necə zərərsizləşdirildiyini görmüşük. Yəni, lazım gəldikdə polis gücündən istifadə edilir.

Məlumdur ki, hazırda Ermənistanda parlament seçkiləri prosesi gedir və Paşinyanın siyasi taleyi müəyyənləşir. Bu prosesdə ona dəstək verən xarici siyasi texnoloqların rolu da qeyd olunur. Onların tövsiyələri ilə Paşinyanın davranış modeli – ictimai yerlərdə görünməsi, sadə vətəndaş imici yaratması, müxtəlif səfərləri – formalaşdırılır. Hesab edirəm ki, bayraqların yandırılması hadisəsinin arxasında da bu cür siyasi texnologiyaların təsiri ola bilər.

Xeyal besirov 900x521 2
Xəyal Bəşirov

Uzun illər Ermənistan siyasətində “Qarabağ kartı”ndan istifadə edən revanşist qüvvələrin təsiri bu gün də qalmaqdadır. Paşinyan da müəyyən hallarda Ermənistan–Türkiyə münasibətlərindən və Azərbaycanla bağlı mövzulardan daxili siyasi alət kimi istifadə etməyə çalışır. Bununla o, mesaj vermək istəyir ki, əgər hakimiyyətdən getsə, regionda vəziyyət daha da gərginləşə və mövcud münasibətlər pozula bilər.

Fikrimcə, bu yanaşma yanlışdır və Paşinyanın qeyri-səmimi siyasət apardığını göstərir. Belə addımlar sülh prosesinə və danışıqlara zərər vurur. Gələcəkdə də oxşar alətlərdən istifadə istisna deyil. Paşinyan hakimiyyəti üçün təhlükə yarandıqda radikal addımlara əl ata bilər.”

Turan Rzayev
Globalinfo.az

Paylaş: