Hazırda bazarlarda 5-7 manata satılan çiyələyin kəskin ucuzlaşacağı deyilir. Satıcıların bildirdiyinə görə, bir müddət sonra çiyələyin bir kiloqramının qiyməti 50 qəpiyə qədər enəcək. Lakin indiyə qədər çiyələyin bu qiymətə satılmadığı, iddiaların əsassız olduğunu deyənlər də var.
Çiyələyin qiyməti bu həddə düşə bilərmi?
Globalinfo.az-a danışan kənd təsərrüfatı üzrə müstəqil ekspert Allahverdi Mustafayev deyib ki, hər hansı məhsulun satışı ilk növbədə istehsalçının qazancını təmin etməlidir:
“İndiki şəraitdə məhsulun yetişdirilməsi üçün çəkilən xərclər kifayət qədər yüksəkdir. Buraya gübrə, dərmanlama, suvarma, becərmə, şumlama və yığım xərcləri daxildir. Bütün bu xərclər nəzərə alındıqda, məhsulun 50 qəpiyə satılması istehsalçı üçün sərfəli deyil. Hazırkı dövrdə bu, məhsulun maya dəyərini belə ödəmir. Yalnız məhsul həddindən artıq bol olarsa, məsələn, soğan bazarında olduğu kimi, qiymətlər ciddi şəkildə enə bilər. Amma belə hallarda qiymətin 50 qəpiyə düşməsi çətin görünür. Ümumilikdə, şərtlər çoxdur, lakin mövsümündə ucuzlaşma mümkündür”.
Ekspert əlavə edib ki, çiyələyin qiymətinin 4-5 manatdan aşağı düşməsi gözlənilir:
“Lakin bu o demək deyil ki, istehsalçı məhsulu zərərinə və ya hədiyyə kimi verəcək. Qiymətlər əsasən tələb və təklifdən asılıdır. Əgər bazarda məhsulu satmaq mümkündürsə, istehsalçı onu mümkün qədər baha qiymətə təqdim edəcək. Satış alınmazsa və məhsul xarab olmaq təhlükəsi ilə üzləşərsə, o zaman istehsalçı ziyanına olsa belə satmağa məcbur qala bilər. Buna görə də bazarda əsas amil tələb və təklifdir”.
Zaira Akifqızı
Globalinfo.az