“Bu stansiyanın yenidən xidmətə verilməsi dəmir yolları üçün əlamətdar hadisədir. Çünki Kürdəmir coğrafi yerləşməsinə görə həm ölkəmizdən keçən beynəlxalq dəhlizlər, həm də ölkədaxili marşrutlar üzərində mühüm mövqeyə malikdir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri ADY sədrinin müavini Arif Ağayev Kürdəmir stansiyasına sərnişindaşıma xidmətinin bərpası ilə bağlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, təxminən 6 il sonra buraya qatarla ilk rəmzi səfər baş tutub:

Azərbaycan Dəmir Yollarının buraya qatar səfərlərini bərpa etməsi ilə bu üstünlük artıq sərnişindaşımada da hiss olunacaq. Başqa sözlə desək, Bakı-Qazax-Bakı,  Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı, eləcə də həftəsonu və bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutlarına inteqrasiya ediləcək Kürdəmir stansiyası vasitəsilə həm burada, həm də ətraf bölgələrdə nəqliyyat əlçatanlığı daha da yüksələcək. Kürdəmirlə yanaşı, Ağsu, Göyçay, Zərdab, Sabirabad rayonlarının sakinləri üçün də mobillik genişlənəcək.

Buradan həm Bakıya, həm şimal və qərb rayonlarına, həm də Qarabağa rahat və təhlükəsiz səfər etmək olacaq. Müasir qatarlar paytaxtdan Kürdəmirə pandemiyadan öncəki ilə müqayisədə 1 saat tez çatacaq”.

Sədr müavini onu da əlavə edib ki, daha bir ilk kimi Kürdəmirə müasir Stadler qatarları ilə səfərlərin təşkil olunacaq.

“Komfortlu qatarlarla artıq həftənin bütün günlərində sərnişinlərə xidmət göstəriləcək. Azərbaycanın bütün regionlarını sərnişinlər üçün daha əlçatan etməyi və xidmət coğrafiyasını genişləndirməyi qarşıya məqsəd qoyan Azərbaycan Dəmir Yolları sərnişindaşıma xidmətinin dayanıqlı inkişafı üçün pandemiyadan əvvəl mövcud olmuş marşrut və stansiyaların bərpasını mərhələli şəkildə həyata keçirir”.

Paylaş: