IMG 20260320 WA0003

Dövlət idarəçiliyində aparılan islahatlar çərçivəsində dövlət qulluqçularının əməkhaqqı sistemi ilə bağlı yeni dəyişikliklər gündəmə gəlib. Prezident İlham Əliyevin imzaladığı son fərmanlara əsasən, bu sahədə daha şəffaf, vahid və balanslı yanaşmanın tətbiqi hədəflənir. Yeni model çərçivəsində mükafat sisteminin ləğvi ilə əməkhaqqı strukturu sadələşdirilir, gəlirlərin daha aydın və şəffaf şəkildə formalaşmasına zəmin yaradılır. Bu yanaşmanın eyni zamanda vergi ödənişlərinin də daha şəffaf həyata keçirilməsinə töhfə verəcəyi gözlənilir.

Bəs yeni əməkhaqqı modelinin tətbiqi dövlət qulluğunda işin təşkili, əmək məhsuldarlığı və ümumi idarəetmə effektivliyinə hansı şəkildə təsir göstərə bilər?

Globalinfo.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov deyib ki, bu qərar idarəetmə sistemində şəffaflığı təmin etmək üçün atılan addımdır:

Dövlət qulluqçularının əməkhaqqı sistemi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları dövlət idarəçiliyində aparılan dərin və ardıcıl institusional islahatların davamıdır. Bu qanun ədalətli bölgünü təmin edəcək. Düşünürəm ki, əməkhaqqı sisteminin yenilənməsinin əsas məqsədi vahid, şəffaf və balanslı əməkhaqqı modelinin formalaşdırılmasıdır. Bu isə uzunmüddətli perspektivdə dövlət aparatının səmərəliliyini artırmağa hesablanıb”.

musfiq ceferov 9

Müşfiq Cəfərov

M.Cəfərovun sözlərinə görə, yeni yanaşmanın əsas istiqamətlərindən biri əməkhaqqı sisteminin struktur baxımından sadələşdirilməsi və aydınlaşdırılmasıdır:

“Əvvəlki dövrlərdə müxtəlif əlavələr formasında təqdim olunan ödənişlərin vəzifə maaşına inteqrasiyası vahid mexanizmin formalaşmasına imkan yaradır. Bu isə həm şəffaflığı artırır, həm də dövlət qulluqçuları üçün daha aydın və proqnozlaşdırılan əməkhaqqı modelini təmin edir. Eyni zamanda, bu addım müxtəlif vəzifələr üzrə müşahidə olunan disproporsiyaların aradan qaldırılmasına, daha ədalətli bölgünün təmin olunmasına xidmət edəcək.

Hesab edirəm ki, əməkhaqqının vahid struktur əsasında formalaşdırılması dövlət idarəçiliyində bərabər imkanların gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu model dövlət qulluqçularının sosial təminatının daha sabit və davamlı əsaslar üzərində qurulmasına şərait yaradacaq. Bütün bunlar dövlət xidmətinin nüfuzunun artırılmasına da müsbət təsir göstərəcək”.

Deputat əlavə edib ki, digər mühüm məqam dövlət qulluğunun əmək bazarındakı rəqabət qabiliyyətinin gücləndirilməsidir:

“Mövcud reallıq göstərir ki, əvvəlki modeldə əməkhaqqının əhəmiyyətli hissəsinin əlavələrdən asılı olması xüsusilə yeni işə qəbul olunan gənc kadrlar üçün müəyyən çətinliklər yaradırdı. Bu isə özəl sektorun daha cəlbedici imkanları fonunda dövlət qulluğuna marağın azalmasına səbəb ola bilirdi. Yeni model bu disbalansı aradan qaldırmağa və dövlət qulluğunu daha rəqabətqabiliyyətli sahəyə çevirməyə yönəlib. Bu baxımdan həyata keçirilən dəyişikliklər yalnız texniki və maliyyə xarakteri daşımır, eyni zamanda insan kapitalının inkişafına xidmət edir”.

Müşfiq Cəfərov deyib ki, peşəkar, savadlı və perspektivli kadrların dövlət qulluğuna cəlb olunması dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsi üçün əsas şərtlərdən biridir: “Yeni əməkhaqqı modeli bu istiqamətdə mühüm stimullaşdırıcı rol oynayacaq. Bundan başqa, yeni qanunvericilik aktlarının mahiyyətinin düzgün izah olunması, onların məqsəd və məzmununun dəqiq təqdim edilməsi vacibdir. Bu islahatlar heç bir halda sadəcə əməkhaqqı artımı kimi təqdim edilməməlidir. Əsas məqsəd sistemin təkmilləşdirilməsi, strukturun optimallaşdırılması və idarəetmənin effektivliyinin artırılmasıdır. Mediada bu məsələyə yanaşma məsuliyyətli və peşəkar olmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: