WhatsApp Image 2026 02 25 at 16.23.54

Son günlər sosial şəbəkələrdə müzakirə və qalmaqallara səbəb olan aparıcılar – Tarix Əliyev (Tolik) və Elgiz Əkbərin verilişlərinin yayımı dayandırılıb. Məlumata görə, “Elgizlə izlə” və “Tarixin bir günü” proqramları artıq efirə getməyəcək. Bildirilir ki, Tolik həftə sonuna qədər tamaşaçılarla sağollaşacaq. Telekanal və aparıcılar sözügedən məsələ ilə bağlı hələlik açıqlama verməyiblər.

Digər oxşar verilişlərin də bağlanması mümkündürmü? Əgər yayılan məlumat təsdiqlənməsə, bu halda bayağı məzmunlu proqramların davam etməsinin və etik çərçivələri aşan aparıcıların efirdə qalmasının səbəbi nədir?

Globalinfo.az-a danışan media eksperti Qulu Məhərrəmli deyib ki, hər hansı kanalda yeni verilişin açılması, mövcud proqramın bağlanması, aparıcıların dəyişdirilməsi birbaşa telekanalın daxili siyasətinə daxildir:

“Bu baxımdan hansısa verilişin bağlanması və ya aparıcının dəyişdirilməsi xüsusi hadisə kimi təqdim olunmamalıdır. Burada qeyri-adi heç nə yoxdur. Əlbəttə, peşəkar və hazırlıqlı aparıcılar var. Eyni zamanda, davranışı, nitqi və tamaşaçıya hörmətsiz yanaşan problemli aparıcılar da mövcuddur. Tamaşaçı rəyi də burada mühüm qiymətləndirmə meyarıdır.

qulu meherremli

Qulu Məhərrəmli

Adıçəkilən aparıcılara gəlincə, məsələn, mən Elgizi yaxşı aparıcı hesab edirəm. Onun danışıq tərzi, yanaşması və səviyyəsi bunu deməyə əsas verir”.

Ekspertin sözlərinə görə, məsələni fərdlər üzərindən deyil, layihə və format üzərindən qiymətləndirmək daha doğrudur:

“Söhbət ondan gedir ki, aparıcı hansı verilişin mərkəzindədir, ona hansı mövzular verilir və hansı format seçilir. Bu amillər çox şeyi müəyyənləşdirir. Ona görə də məsələni yalnız şəxslərin üzərində qurmağa ehtiyac yoxdur. Ekranda tamaşaçını qane edən, estetik zövq verən və faydalı layihələr yer almalıdır. Aparıcı seçimi də məhz kanallar tərəfindən düzgün müəyyənləşdirilməlidir. Televiziya ilə bağlı aparılan kampaniya, hesab edirəm ki, müəyyən müddətdən sonra səngiyəcək. Ekranlar və aparıcılar yenidən öz məcrasına qayıdacaq. Bu məsələyə fundamental və əsaslı yanaşmaq, çərçivələri dəqiq müəyyənləşdirmək lazımdır ki, oxşar hallarla yenidən qarşılaşmayaq”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: