Qazaxıstanlı komediyaçı, aparıcı Nurlan Saburovun Rusiyaya girişi 50 il müddətinə qadağan edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Life SHOT” məlumat yayıb.
Bildirilib ki, buna görə Saburovun ilin sonuna qədər ölkədə planlaşdırdığı 53 konsert ləğv ediləcək:
“O, Dubaydan gələrkən Moskvanın Vnukovo hava limanında saxlanılıb. Bildirilir ki, komediyaçı ayrı bir otağa aparılıb və orada ona 50 il Rusiyaya girişini qadağan edən sənəd verilib. Qadağa 30 yanvarda qüvvəyə minib”.
Medianın məlumatına görə, giriş qadağasının səbəbi həm də komediyaçının Ukrayna münaqişəsini tənqid etməsi və immiqrasiya qanunlarının pozulmasıdır.
Daha əvvəl mətbuatda Saburovun Rusiyada çıxışlarından əldə etdiyi gəlirin 2024-cü ildə 50 milyon rublu (təxminən 1 milyon manat) keçdiyi və ümumi aktivlərinin 60 milyon rubla (təxminən 1,3 milyon manat) çatdığı bildirilirdi. O, bu vəsaiti daşınmaz əmlaka, nəqliyyat vasitələrinə və işi üçün zəruri olan digər aktivlərə yatırıb.
Komediyaçının elit Moskva ətrafında dəbdəbəli bir kottec və torpaq sahəsinə sahib olduğu bilinir. Onun əmlakının bazar dəyəri 115 milyon rubl (təxminən 2,5 milyon manat) olaraq qiymətləndirilir. Saburovun ailəsi – həyat yoldaşı və üç uşağı – onunla birlikdə malikanədə yaşayır, baxmayaraq ki, cütlük onları gizli saxlayır.
Əliyar Xəlil
Globalinfo.az