ABŞ Prezidenti Co Bayden və NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə günü Varşavada Bolqarıstan, Çex Respublikası, Estoniya, Macarıstan, Litva, Latviya, Polşa, Rumıniya və Slovakiyanın daxil olduğu Buxarest Doqquzluğunun (B-9) sammitində iştirak edib.
Maraqlıdır ki, B-9 üzvləri hazırda Ukraynaya ən çox hərbi yardım edən ölkələrdir.
Maraqlıdır, rəsmi Vaşinqtonun Buxarest Doqquzluğundan gözləntiləri nələrdir? Rusiya-Ukrayna müharibəsinin bu ölkələrə təsiri olacaq?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Züriyə Qarayeva deyib ki, bu ölkələr Ukraynaya hərbi yardımın ən güclü tərəfdarları sırasındadır:
Züriyə Qarayeva
“Düşünürəm ki, Baydenin 9 ölkə lideri ilə görüşməsi Moskvaya bir mesajdır. Ötən gün Rusiya lideri Putin Qərbə qarşı çıxaraq Yeni Strateji Hücum Silahlarının Azaldılması (START) sazişini dayandırdıqlarını açıqlamışdı. Bu addımlar ABŞ ilə Rusiya arasında soyuq müharibənin kuliminasiya mərhələsini yaşadığını göstərir.
Əslində Bayden Kiyevə səfər etməklə Ukraynadakı müharibənin daha da qızışacağını, Putinin daha kəskin bəyanatlar verəcəyini çox yaxşı anlayırdı. Məlum məsələdir ki, ABŞ dünyada hegemonluğunu insan haqları üzərindən, Rusiya isə silah üzərindən formalaşdırmağa çalışır.
Müharibənin qızışdırılması bu baxımdan Vaşinqtonun maraqlarına xidmət edir ki, Moskva tərəfdən maksimum şəkildə beynəlxalq hüquq prinsipləri pozulsun və üzərinə Rusiyanın silah ehtiyatları tükənsin. Nəzərə alsaq ki, Ağ Evin yeni milli təhlükəsizlik strategiyasında Rusiyanın adı 71 dəfə çəkilir, demək ki, ciddi planların hazırlandığı gözlənilməz deyildi”.
Politoloqun fikrincə, Rusiya müharibəni davam etdirməklə öz sonluğunu yaxınlaşdırmaq üzrədir:
“Müharibə dayandırılarsa, bu, Rusiyanın xilası deməkdir. Əlbəttə ki, bu nəticə Qərbin, xüsusən Vaşinqtonun maraqlarına ziddir. Təkcə enerji sahəsinə qoyulan sanksiyalar nəticəsində Rusiya iqtisadiyyatı gündəlik 150 milyon dollar vəsait itirir. Bu rəqəm özü-özlüyündə dünyada yeni nizamın formalaşması istiqamətində mübarizədə Rusiyanın tamamilə sıxışdırılıb oyundankənar vəziyyətə salınacağını deməyə əsas verir. Hər nə qədər də Putin iddia etsə ki, sanksiyalardan Qərb də əziyyət çəkir, soyuq qış aylarında avronun məzənnəsinin yüksəlməsinin şahidi olduqca, demək ki, bu fikirlər absurddur”.
Turan Rzayev
Globalinfo.az














