Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Erməni Apostol Kilsəsinin dini lideri II Qareginin hazırda həbsdə olan qardaşı arxiyepiskop Ezras Nersisyanın xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqələrinin müəyyən edildiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, MTX Nersisyanın həmçinin 1986-1988-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi (KQB) ilə əməkdaşlıq etdiyini bildirib.
Ermənistan Baş naziri Nikol Paşinyan və həyat yoldaşına məxsus olan “Haykakan Zamanak” qəzeti isə keçmiş prezident Serj Sərkisyanın da sovet dönəmində KQB-yə “Nərimanov” kod adı ilə işlədiyini yazıb.
Hətta 2016-cı ildə Ermənistan parlamentində bir sıra qanun layihələrinin müzakirəsi zamanı fraksiyalar arasında mübahisə yarandığı, Sərkisyanın “Nərimanov” kod adı ilə KQB-yə işləməsinin xüsusi vurğulandığı deyilir.
Bundan başqa, onun vaxtilə Bakıdakı Zaqafqaziya Komsomol Məktəbində təhsil aldığı, Azərbaycanda erməni təbliğatına qarşı kampaniyalarda iştirak etdiyi iddia olunur. Bildirilir ki, Sərkisyan KQB-nin Azərbaycan bürosunun əməkdaşı olsa da, sonradan Moskvanın təlimatı ilə ermənipərəst mövqe sərgiləyib”.
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın da 2012-ci ildə mətbuata müsahibəsində bu iddiaları təsdiqlədiyi qeyd edilir.
Ayşən Mustafa
Globalinfo.az
