Putinlə danışdı, dərhal pis xəbəri verdi – Avropanı təşvişə salan dəyişiklik

Putinlə danışdı, dərhal pis xəbəri verdi - Avropanı təşvişə salan dəyişiklik

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün mümkün olduğunu düşünür.

Maraqlıdır ki, ABŞRusiya liderlərinin yaxın həftələrdə Macarıstanda bir araya gələcəkləri açıqlanıb. Hətta Tramp-Putin görüşü Kiyevdə müəyyən narahatlığa səbəb olub.

Ümumiyyətlə, Trampın dediyi kimi Putin və Zelenskinin ikitərəfli görüş keçirməsi mümkündürmü?

Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, Rusiya-Ukrayna müharibəsi artıq 4 ilə yaxındır davam edir və sadəcə münaqişə tərəflərini deyil, bütün dünyanı, qlobal resursları tükəndirir:

“Bu səbəbdən həm Vaşinqton, həm də Moskva müharibənin başa çatdırılmasında maraqlıdır. Lakin bunun hansı şərtlər altında olacağı suallar doğurur. Təbii ki, 4 ildir ərazisi işğal edilən və əhalisi didərgin salınan Ukrayna kapitulyasiyanı qəbul etmək istəmir və Qərbdən hərbi dəstəyin artırılmasını tələb edir. Çünki danışıqlardakı üstünlüyü cəbhədəki uğurlar müəyyənləşdirir. Kiyev bir tərəfdən hərbi dəstək alsa da, digər tərəfdən cəbhədə irəliləyən Rusiyadır.

Beləliklə hazırda Ukrayna ərazilərinin 19%-dən çoxu işğal altındadır. Xatırladım ki, müharibə başlanandan bəri ilk dəfə 15 avqustda Alyaskada Trampla Putin görüşərək danışıqlar apardı, lakin heç bir nəticə əldə olunmadı. Rusiya öz tələblərini irəli sürdü, Tramp bunu qəbul etsə və müəyyən razılaşmalar əldə olunsa da, Kiyev tərəfi müvafiq təklifləri rədd etdiyi üçün müharibə bitmədi. Hətta Tramp görüşdən sonrakı vəziyyətə görə Ukraynaya hərbi yardımın artırılacağına dair açıqlama da verdi. Hazırda da Ukraynaya “Tomahawk” raketlərinin göndərilməsi müzakirə olunur. Rusiyanın daxili infrastrukturu, xüsusilə enerji təsisləri hədəfdədir”.

Putinlə danışdı, dərhal pis xəbəri verdi - Avropanı təşvişə salan dəyişiklik
Şəhla Cəlilzadə

Siyasi şərhçi bildirib ki, avqustdan bəri Rusiyanın enerji təsislərinə 58 hücum həyata keçirilib:

“Ukraynanın uzaqmənzilli raketlər əldə etməsi Rusiya üçün böyük təhdiddir. Moskva bu təhdidlərə təhdidlə cavab verib – nüvə silah arsenalını gücləndirir, uzun illərdir mövcud nüvə razılaşmalarından çıxdığını bəyan edir. Bu, müharibənin genişlənməsi, başqa sözlə, münaqişənin Avropaya yayılaraq ABŞ-ın birbaşa prosesə cəlb olunma təhlükəsini özündə daşıyır. Lakin müharibənin genişlənməsi heç də dünyaya sülh vəd edən Trampın məqsədləri ilə uzlaşmır və o, Putinlə təkrar danışmağa çalışaraq Ukraynanın da razı salınacağına ümid bəsləyir.

Oktyabrın 17-də ABŞ və Ukrayna prezidentləri arasında Ağ Evdə görüş keçirildi. Bundan öncə öncə Tramp Putinlə telefon danışığı aparıb, əlaqənin ardınca da “Tomahawklar bizə də lazımdır, ehtiyatımızı tükəndirə bilmərik”, – deyə açıqlama verib. Həmçinin qarşıdakı həftələr ərzində Macarıstanda Putinlə görüşərək Ukraynadakı müharibənin bitirilməsinə dair danışıqlar aparacağını bəyan edib. Kreml rəhbəri isə açıqlamasında müvafiq görüşün qarşıdakı 2 həftə ərzində baş tutacağını bildirib. Halbuki Trampın açıqlamasına baxmayaraq, Zelenski raket istehsalçıları ilə görüşüb və texniki xüsusiyyətlərinə, istifadəsinə dair danışıqlar aparıb”.

Ş.Cəlilzadənin sözlərinə görə, Macarıstanda Tramp, Putin və Zelenski arasında ayrılıqda ikili və üçlü formatlarda görüşlərin keçirilməsi gözlənilir:

“Əgər Tramp Zelenskiyə sözügedən raketləri verməyə razılaşarsa, Putin görüş imtina edə bilər. Nəticə olaraq, sadəcə Ukraynanın deyil, ümumilikdə dünyanın, xüsusilə Avropanın taleyi RusiyaABŞ arasında razılaşmalardan asılıdır”.

Turan Rzayev
Globalinfo.az