45 milyonluq müəmma: xərcləndiyi yer bəlli oldu – RƏSMİ

45 milyonluq müəmma: xərcləndiyi yer bəlli oldu - RƏSMİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) magistral yollarda nişanlanma və xətlənmə işlərinə 45 milyon manat sərf edəcəyi barədə məlumat ictimaiyyətdə birmənalı qarşılanmayıb. 

Vəsait hara və necə xərclənəcək?

Qurum Globalinfo.az-ın bununla bağlı sorğusunu cavablandırıb.

Bildirilib ki, 45 milyon manat Bakı və Gəncə şəhərlərinin magistral yollarında görüləcək işlər üçün ayrılıb:

“Sözügedən məbləğ Nazirlər Kabinetinin 24 iyul 2025-ci il tarixli 462s nömrəli sərəncamının 2.3-cü bəndinə uyğun olaraq paytaxtda magistral yollarla əlaqələndirməni təmin edən küçə və prospektlərdə, eləcə də Gəncə şəhərinin əsas daxili yollarında yol nişanlarının, həmçinin nişanlanma xətlərinin yenilənməsi üçün ayrılıb. Xətlənmə işlərinə asfalt örtüyünə soyuq və iki komponentli boya ilə yanası termoplastik materiallar vasitəsilə xətlərin, piyada keçidlərinin, dayanacaq yerlərinin, ox və simvol nişanlarının çəkilməsi daxildir. Boya işlərinə hazırlıq mərhələsində isə köhnə və yararsız xətlərin xüsusi texnika ilə silinməsi, yol səthlərinin dərmanlı su ilə yuyulması və təmizlənməsi prosesi də həyata keçirilir”.

AYNA-dan həmçinin qeyd edilib ki, nişanlanma işlərinə daimi və müvəqqəti yol nişanlarının təyin olunmuş dəqiq standartlara (ölçü, rəng, parlaqlıq, refleksiya) uyğun quraşdırılması, yol kənarı təhlükəsizlik elementlərinin (dirəklər, dayaqlar, fənərlər) yenilənməsi aiddir:

“Nümunə olaraq göstərə bilərik ki, ötən il COP29 ərəfəsində Aeroport şosesində tətbiq edilən xətlənmə və nişanlanma standartının sözügedən yollarda istifadəsi nəzərdə tutulub”.

Ləman İmran
Globalinfo.az