Ermənistan Baş naziri Nikol Paşinyana qarşı səsləndirilmiş təhdidlər real təhlükə yaratmır.
Globalinfo.az xəbər verir ki, bu barədə 72 yaşlı ABŞ vətəndaşı Rafayel Sarkisyanın vəkili Armen Andrikyan Sputnik Ermənistana açıqlamasında deyib.
Vəkilin sözlərinə görə, ittiham hüquqi əsasdan məhrumdur, çünki Sarkisyanın sözlərində real qətl təhlükəsinin elementi yoxdur.
Xatırladaq ki, iyul ayında biznesmen Samvel Karapetyana dəstək məqsədilə keçirilən aksiyanın gedişində Sarkisyan bir media nümayəndəsinə belə deyib:
“Nikolun yaxasından yapışmaq üçün fürsət axtarıram, tapanda boğazını buracam.”
Sarkisyan bildirib ki, mitinqdə iştirak etməyib, yaxınlıqdakı kafedə olub və bu ifadəni emosional reaksiya kimi səsləndirib. O, Paşinyanı Türkiyənin maraqlarına xidmət edən siyasət yürütməkdə günahlandırıb.
Bu bəyanatdan sonra İstintaq Komitəsi onun barəsində qətllə təhdid ittihamı ilə cinayət işi açıb. Lakin 8 oktyabra təyin olunan məhkəmə iclası prokurorun başqa işdə iştirak etməsi səbəbindən təxirə salınıb.
Vəkil qeyd edib ki, “boğazını burmaq” ifadəsi məişət kontekstində işlədilib və qətl niyyəti ifadə etmir:
“Bu, yaşlı bir şəxsin emosional narazılığıdır. Parlament debatlarında daha sərt ifadələr səslənir, amma onlar cinayət kimi qiymətləndirilmir.”
Andrikyanın sözlərinə görə, bu işdə ikili standartlar tətbiq olunur və prosesin məqsədi ifadə azadlığını məhdudlaşdırmaqdır. Müdafiə tərəfi artıq məsələ ilə bağlı ABŞ səfirliyinə siqnallar göndərib.
Hazırda məhkəmənin növbəti iclas tarixi müəyyənləşdirilməyib.
Əliyar Xəlil
Globalinfo.az