ilham

Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Sadır Nurqojoyeviç,

Qırğız Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Sizin rəhbərliyiniz altında qardaş Qırğızıstanda genişmiqyaslı quruculuq işləri və islahatlar həyata keçirilərək sosial-iqtisadi tərəqqi sahəsində sanballı uğurlar əldə olunmuşdur.

Ortaq mənəvi dəyərlər və tarixi-mədəni köklər ilə bir-birinə bağlı olan ölkələrimiz arasında münasibətlərin hazırkı inkişaf dinamikası məmnunluq doğurur.
Azərbaycan-Qırğızıstan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xalqlarımızın sarsılmaz iradəsinin və əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində əzmimizin bariz təzahürüdür.

Əminəm ki, dostluq və qardaşlıq əlaqələrimizin xoş ənənələrini yaşatmaq və möhkəmləndirmək, ikitərəfli və çoxtərəfli qaydada işbirliyimizi daha da genişləndirmək yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Qırğız Respublikasına daim əmin-amanlıq və rifah arzulayıram”.

***

Azərbaycan Prezidenti İlham Əliyev Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimə milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

“Əlahəzrət,

Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və arzularımı çatdırıram.

Xoş ənənələr üzərində qurulan Azərbaycan-Malayziya dövlətlərarası əlaqələrinin, qarşılıqlı inam və dəstəyə əsaslanan əməkdaşlığının inkişafı və genişlənməsi məmnunluq doğurur.Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasında dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və daha da möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Malayziya xalqına daim rifah və firavanlıq diləyirəm”.

Paylaş: