“Ukrayna münaqişə Kiyev üçün kədərli sona yaxınlaşır”.
Globalinfo.az xəbər verir ki, bu barədə köşə yazarı Ted Snayder yazdığı məqaləsində bildirib.
“Ukraynaya NATO-ya üzv olmaq, Avropa İttifaqında yer almaq, bütün itirilən ərazilərini qaytarmaq, habelə Rusiyanı zəiflətmək və məğlub etmək üçün hərbi dəstək vədi verilib. Ancaq bu vədlərin heç biri yerinə yetirilməyib. Ona görə də, Ukrayna hekayəsi çox acınacaqlı sona yaxınlaşır. Kiyevin ən böyük problemi döyüş meydanındakı vəziyyətidir. Danışıqlar dalana dirənib. Rusiya getdikcə uzanan bütün təmas xətti boyunca qərbə doğru irəliləyir. Ciddi şəkildə tükənmiş Ukrayna silahlı qüvvələri öz torpaqlarını müdafiə etmək üçün mübarizə aparır. Rusiya Sumi və Pokrovsk bölgələri də daxil olmaqla bir neçə regionda böyük qüvvələr cəmləşdirib”, – Snayder yazıb.
Onun sözlərinə görə, ABŞ-ın Kiyevə əlavə silah tədarükünün qeyri-müəyyənliyi səbəbindən Ukrayna üçün vəziyyət pisləşib. Ukraynanı daha da məyus edən amil Vaşinqtonun Rusiyaya qarşı hər hansı yeni sanksiyalar tətbiq etməməsidir. Bunun fonunda həm indiki hərbi qarşıdurma, həm də vəd edilən Qərbə inteqrasiya perspektivləri Ukrayna üçün kifayət qədər tutqun görünür.
Bu arada Volodimir Zelenski Ukrayna üçün “Marşal planı”nın hazırlanmasını təklif edib. Onun fikrincə, hərbi əməliyyatlar başa çatdıqdan sonra ölkənin bərpası məsələsinə sistemli yanaşma lazım olacaq.
Əliyar Xəlil
Globalinfo.az