erdogan

“İsveç hökumətinin NATO-ya üzvlük məsələsində taleyinin Türkiyənin əlində olduğunu bilə-bilə Ərdoğan hakimiyyətini daha da qəzəbləndirəcək addım atması – “Qurani-Kərim”i yandırma aksiyasına icazə verməsi bu ölkənin NATO-ya yolunu özünün bağlaması anlamına gələ bilər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şükürlü deyib.

O bildirib ki, İsveç NATO-ya üzv olmaqda maraqlı deyil:

“Çünki İsveç Rusiyaya savaş açanlar sırasında yer almaq istəmir. Geri çəkilmək üçünsə Türkiyə ilə münasibətlərini məqsədli şəkildə gərginləşdirmək xətti seçib. İsveç hökuməti çox yaxşı bilir ki, islamçı dünyagörüşə sahib bir lider kimi Ərdoğan onların bu addımını bağışlamayacaq və qarşılıqsız qoymayacaq.

Ümumiyyətlə, Türkiyədəki may seçkiləri qardaş ölkənin NATO ilə gələcək münasibətlərinə də birdəfəlik aydınlıq gətirə bilər. Çünki ABŞ və Avropada Türkiyədəki may seçkilərinə açıq müdaxilə çağırışları getdikcə güclənir. Qərbin bu pozucu addımları Türkiyə-Qərb münasibətlərini seçki ərəfəsində və seçkidən sonrakı dönəmdə daha da kəskinləşdirərək qırılma xəttinə yaxınlaşdıracaq.

Ehtimal var ki, Ərdoğan yenidən prezident seçildikdən sonra Nəcməddin Ərbakanın məşhur ideyasını – Türkiyənin NATO-dan uzaqlaşaraq digər müsəlman dövlətləri ilə birgə yeni hərbi ittifaqda birləşmə strategiyasını həyata keçirməyə üstünlük versin.

Bəzi analitiklər Türkiyənin NATO-da boşalacaq yerinə isə parçalanmış Ukraynanın daha tez qəbul edilməsini mümkün sayırlar”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: