Banklar bəzi hallarda kredit alan şəxsdən zamin tələb edir. Borc vaxtında ödənilmədikdə, məsuliyyət qarşı tərəfin üzərinə düşür. Son vaxtlar zaminliklə bağlı artan problemlər və məhkəmə mübahisələri bu mövzunu gündəmə gətirib.
Zamin duran şəxs öhdəliyindən imtina edə bilərmi?
Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, zaminlik Mülki Məcəllə ilə tənzimlənir və bu proses yalnız müvafiq müqavilə əsasında hüquqi qüvvəyə minir:
“Qanunvericilikdə bu sahədə hər hansı boşluq yoxdur. Sadəcə olaraq, zamin kredit götürən şəxsə tam güvənməlidir. Çünki bu, bir növ birgə borc almaqdır. Zamin duran şəxs, ümumiyyətlə, məsuliyyətdən yayına bilməz. Əgər borc ödənilməzsə və zaminin də imkanı yoxdursa, məsələ məhkəmə müstəvisinə çıxarılır. Qərara əsasən, borcalanın və ya zaminin əmlakına həbs qoyulması mümkündür”.
Xalid Kərimli
İqtisadçı istisna halı da açıqlayıb:
“Əgər borcalan şəxs kredit müddətini artırır, müqavilə şərtlərini dəyişirsə və bu zaman zaminin razılığı nəzərə alınmırsa, Mülki Məcəlləyə əsasən o, bu hüquqdan imtina edə bilər. Bunun üçün vətəndaşın müvafiq müraciətindən sonra tələbini irəli sürməsi mümkündür”.
Ləman Hüseynzadə
Globalinfo.az