WhatsApp Image 2024 03 03 at 11.22.15

Azərbaycanda iyunun 26-da Məhərrəm ayı başlayır. Bu tarixlə bağlı hər il demək olar ki, oxşar mövzular gündəmə gəlir. Xüsusilə müəyyən mənəvi qadağalar – toy və şənliklərin keçirilməməsi müzakirə obyektinə çevrilir. Bildirilir ki, son illərdə cəmiyyətdə belə hallar əvvəlki qədər ciddi tətbiq olunmur.

Bu yanaşmadakı dəyişiklik dini dəyərlərin zəifləməsi, yoxsa cəmiyyətin modernləşməsi ilə əlaqədardır?

Globalinfo.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, Məhərrəm ayında ilk yaranan suallardan biri toyların keçirilib-keçirilməməsi, kəbinlərin kəsilib-kəsilməməsi ilə bağlıdır:

“Məhərrəmlik ayı hökmə əsaslanan deyil, mədəni və mənəvi bir yanaşma ilə formalaşan mərasim modelidir. Nə Qurani-Kərim kitabında, nə Peyğəmbərimizin (s.ə.v) sünnəsi və Əhli-Beytin şəmsiyyəsi altında Məhərrəm və Səfər aylarında “toy etməyin, kəbin kəsməyin” deyə bir hökmə rast gəlirik. Xüsusilə Aşura günündən sonra Kərbəla şəhidlərinə olan ehtiram, hörmət və dəyərə görə insanlar toylardan, sevincli, fərəhli günlərdən uzaqlaşıb daha çox matəmə, hüznə və dərdə yönəlirlər. Bu ənənə uzun illərdir ki, ölkəmizdə də var”.

aga2

Ağa Hacıbəyli

İlahiyyatçı bildirib ki, inanan və inanmayan insanlar bunu fərqli müstəvilərdə qiymətləndirilə bilər:

“Çünki söhbət dini hökm yox, mənəvi yanaşmadan gedir. Bu baxımdan Məhərrəmlikdə toy olub-olmaması insanın öz dini baxışına, mədəniyyətə münasibətinə və ictimai təbəqənin qəbul etdiyi dəyərlərə bağlıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: