ABŞ və Ukrayna arasında Ciddə görüşündən sonra verilən bəyanatlar ətrafında müxtəlif fikirlər səsləndirilir. Xüsusilə 30 günlük atəşkəs razılığı məsələsinə fərqli yanaşmalar var. Bəzi ekspertlər bunun nisbi ola biləcəyini düşünür, bəziləri isə sülh öncəsi hazırlıq kimi görür.
Atəşkəs razılaşması müharibənin gedişinə necə təsir göstərəcək? Rusiya razılaşacaqmı?
Globalinfo.az-a danışan politoloq Mütəllim Rəhimli deyib ki, ABŞ Prezidenti Donald Tramp vədinə uyğun olaraq Rusiya-Ukrayna arasında müharibənin başa çatmasına nail olmaq üzrədir:
Mütəllim Rəhimli
“Güman ki, atəşkəs razılaşması Ər-Riyadda ABŞ ilə Rusiya arasında keçirilən görüşdə əldə edilən ortaq mövqelərə dayanır. Məsələyə bu nöqteyi-nəzərdən yanaşsaq, rəsmi Moskva razılıq verməlidir. Bütün dünya atəşkəsin əldə olunmasında maraqlıdır. Rusiya əleyhinə olarsa, hər kəsi özünə qarşı yönəldəcək. Ümumilikdə bir aylıq atəşkəs problemi tamamilə həll edə bilməz. Lakin insanların ölməsinin qarşısı alınacaq. Ukrayna toparlanmaq və doğru qərarlar qəbul etmək üçün vaxt qazanacaq”.
Turan Rzayev
Globalinfo.az