suleyman nemet

Xəbər verdiyimiz kimi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin rəisi Süleyman Nemətov Naxçıvan Muxtar Respublikasının (MR) Daxili İşlər Nazirliyinin ləğv edilməsi sonrası yaradılan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan MR üzrə Baş İdarəsinə rəis təyin olunub.

“Çakır” ləqəbi ilə tanınan S.Nemətov müxalifətçilərlə dialoqdan sonra məşhurlaşdı. Belə ki, bir neçə il öncə 20 yanvar ziyarətində Müsavat Partiyasının keçmiş sədri İsa Qəmbərə “barmağını sındıraram” deyib, onu açıq şəkildə hədələmişdi.

Nəsimi polis idarəsində rəis müavini olanda da aksiyalarda həbs edilən müxalifətçilərlə kobud davrandığına görə onun adı mediada tez-tez hallanırdı.

Maraqlıdır, S.Nemətovun Naxçıvana göndərilməsi yerli müxalifətçiləri narahat edirmi? O, bu dəfə müxalifətçilərin barmağını “qoparacaq”, yoxsa Naxçıvanda harınlamış klanların dövlətə uzanmaqda olan biləyini “sındıracaq”?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan millət vəkili Müşfiq Cəfərov deyib ki, artıq Naxçıvandakı bir neçə nazirlik ləğv olunub və onların  əvəzində Azərbaycan nazirliklərinin baş idarələri yaradılıb:

Müşfiq Cəfərov: Azərbaycan Vətən müharibəsindəki Qələbəsi ilə regionda yeni reallıq yaratdı - AZƏRTAC

“Muxtar Respublikada bir sıra yeni təyinatlar da oldu. Düşünürəm ki, bundan sonrakı təyinatlarda əsas məqsəd Naxçıvanın ümumi ölkə iqtisadiyyatına inteqrasiyasını təmin etməkdi. Çünki uzun illərdir bu bölgə mərkəzdən uzaqlaşdırılıb. Yenilənən idarəçilik hər şeydən əvvəl Naxçıvanın iqtisadi artımını təmin edəcək. Verilən informasiyalardan da bəlli olur ki, əvvəlki rəhbərlik sırf öz biznes maraqlarına uyğun bazar iqtisadiyyatı yaradıb. Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Mərkəzdə olduğu kimi orada da korrupsiyaya qarşı böyük mübarizə getdi. Bundan sonra təyin olunanlar rəhbərliyin gözləntilərinə görə fəaliyyətini qurmalıdır.

Düşünürəm ki, blokada şəraitində olan bu regionda əsas məsələ kimin təyin olunmağı deyil, həmin şəxslərin görəcəyi işlərdir. Bəzən olur ki, kadrlar gözləntiləri doğrultmur, bəzən də heç bir halda tutduğu mövqeyə uyğun biri olmadığı deyilən təyinat reallaşır, amma gözəl nəticə yaradır. Bu səbəbdən əvvəlcədən nəsə proqnoz demək düzgün deyil”.

Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa isə deyib ki, hər bir təyinata birmənalı yanaşmaq mümkün deyil:

fazil 2

“Ola bilər ki, kimin üçünsə problemli görünən şəxs və ya şəxslər başqaları üçün vəzifəsini layiqincə yerinə yetirir. Hər halda biz keçmiş fəaliyyəti ilə Süleyman Nemətovu təhlil edə bilmərik.

Hesab edirəm, Naxçıvanda qayda-qanun yaradılması, xüsusilə də burada baş verən daxili işlər nazirliyi çərçivəsində qanunsuzluqları aradan qaldırmaq üçün prinsipial və bir az da sərt xarakterli rəhbərə ehtiyac var. Görünür, bu meyarlar ilə Süleyman Nemətov kifayət qədər təcrübəlidir. Ola bilər ki, o, küçə yürüşlərində, mitinqlərdə sərtlik göstərib. Bu da verilən tapşırıqlar ilə bağlıdır. Hər bir polis nəfəri qanunlar çərçivəsində hərəkət etməlidir.

O ki qaldı onun hansısa situasiyada kiməsə “barmağını qıraram” deməsinə, mənim bu haqda bir məlumatım yoxdur. Hətta deyərdim, ilk dəfədir bunu eşidirəm. Naxçıvanda barmağı qırılacaq müxalifətçi qalmayıb. Naxçıvanda müxalifəti də iqtidara qatıb, gözü çıxmış vəziyyətə salıblar.

Bu gün Naxçıvanda müxalif şəxs yoxdur. Milli Məclisdə təmsil olunan müxalif partiyalar muxtar respublikada qərargaha sahib deyillər”.

Tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlunun sözlərinə görə, hazırda ölkədə Prezidenti İlham Əliyevin islahatları gedir və o yaxşı bilir ki, kimi hara təyin edir:

novella ozel

“Aparılan islahatlar çərçivəsində Ramiz Mehdiyev, Vasif Talıbov kimi şəxslər vəzifələrindən uzaqlaşdırıldı. Talıbov və Mehdiyev elə qaya idi ki, onları yıxmaq çox çətin idi. Lakin bu gün onların ikisi də dövlət idarəçiliyində təmsil olunmur.

Süleyman Nemətov nə Ramiz Mehdiyevdən, nə də Vasif Talıbovdan güclüdür. Başda o olmaqla bütün yeni təyin edilən şəxslər bilməlidir ki, cənab Prezident stabil, demokratik ölkə qurmaq üçün çalışır. Bu yolda kim mane olsa, ya da səhvlər etsə onları da eyni aqibət gözləyir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: