Ankara Makronu rədd etdi: ABŞ-ın qüdrəti arxasında gizlənən…

Ankara Makronu rədd etdi: ABŞ-ın qüdrəti arxasında gizlənən…

Türkiyə terrorçu SDQ (Suriya Demokratik Qüvvələri) ilə gərginliyi azaltmaq məqsədi ilə təhlükəsiz zona yaratmaq üçün Suriya sərhədi boyunca fransız qoşunların yerləşdirilməsi təklifini qətiyyətlə rədd edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Middle East Eye” məlumat yayıb.

“ABŞ-ın Suriyadakı hərbi əməliyyatlarında iştirak edən bəzi böyük olmayan Avropa ölkələri müəyyən məsələlərdə öz maraqlarını irəli sürməyə çalışırlar, lakin bu, nə özlərinə, nə də regiona real fayda gətirir”, – deyə Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirdiyi mətbuat konfransında bildirib.

O əlavə edib ki, biz öz planımızı irəli sürərkən Amerikanın qüdrətinin arxasında gizlənməyə çalışan ölkələrlə əlaqə saxlamırıq.

Fidan vurğulayıb ki, ABŞ-ın dəstəklədiyi əcnəbi SDQ döyüşçüləri, o cümlədən PKK üzvləri – Suriya vətəndaşı olsalar belə – ölkəni tərk etməlidirlər.

Fidanın sözlərinə görə, Türkiyə Fransanın Suriya ilə bağlı fikirlərini ancaq Paris Suriyada təkbaşına – ABŞ-ın dəstəyi olmadan – hərbi əməliyyatlar keçirmək, bazalar yaratmağa hazır olacağı təqdirdə ciddi qəbul edəcək:

“Əgər Fransa Suriyada hərəkətə keçmək niyyətindədirsə, ilk növbədə terrorçu olan və Suriya düşərgələrində saxlanılan vətəndaşlarını geri qaytarmalı, mühakimə və həbs etməlidir”.