vuqar bayramov 2

“Çinin ölkəyə gələnlərlə bağlı karantin qaydalarının yanvarın 8-dən etibarən ləğvi qərarından sonra digər dövlətlərdə də quru sərhədlərin açılması məsələsi gündəmə gəlib. 2023-cü ildə dünyada yoluxma sayının azalması gözlənildiyindən bu, qlobal ticarətə də təsirsiz ötüşməyəcək”.

Globalinfo.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycanda quru sərhədlərin açılması qonşu ölkələrdəki epidemioloji vəziyyətdən asılı olacaq:

“Təbii ki, quru sərhədlərin açıq olması iqtisadi baxımdan məqsədəuyğundur. Çünki bu, turizmə təsir göstərən əsas faktorlardan biridir. Nəzərə alaq ki, Azərbaycana səyahət edən turistlərin təxminən 70 faizi quru sərhədimiz olan ölkələrdən gəlir. Bu, Azərbaycan vətəndaşlarının qonşu ölkələrə səfər imkanları baxımdan da vacibdir. Ona görə də quru sərhədlərin açılması iqtisadi baxımından əhəmiyyətlidir.

Amma iqtisadi məsələ olmaqla yanaşı, qonşu ölkələrdə yoluxma sayı və epidemioloji vəziyyətin dəyişməsi də bu məsələdə qərarın verilməsində əsas faktor olaraq qalmaqdadır. 2023-cü ildə regionda və qlobal olaraq epidemioloji vəziyyətin yumşalması Azərbaycanda da quru sərhədlərin açılmasını xeyli tezləşdirə bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: