Globalinfo.az politoloq Elşən Mustafayevlə müsahibəsini təqdim edir:
-Elşən bəy, Suriyada baş verən hadisələri, eləcə də növbəti mərhələni necə dəyərləndirirsiniz?
-Əsəd rejiminin devrilməsindən sonra Suriyada fərqli siyasi xətt yürüdüləcək və bir çox dövlətlərin maraqlarını təmin edəcək hakimiyyətin qurulacağı ehtimalları böyükdür. Əslində Suriyanın bölünüb parçalanması layihəsinin ortada olmasına inanmıram. İndiyədək regionda devrilmiş rejimlərdə ölkənin parçalaması təcrübəsini görməmişik. İraqda, Liviyada, Misirdə və digər dövlətlərdə hakimiyyət dəyişikliyindən sonra ölkənin bütövlüyü əvvəlki kimi saxlanılmışdır. O başqa məsəldir ki, yeni hakimiyyətlərə böyük dövlətlərin təsir imkanları daha da artmışdır. Eyni ilə Suriyada düşünürəm ki, hər hansı sərhəd dəyişikliyi, yaxud ölkənin bir neçə dövlətə parçalanması olmayacaq. Amma ölkənin idarə olunmasında, ayağa qaxmasında, quruculuq işlərində Türkiyə və ABŞ mühüm rol oynayacaq.
-Bəs bu prosesin bir anın içərisində birdən-birə baş verməsinin səbəbi nədir?
-5-6 ay öncə heç kim Suriyada hazırkı proseslərin olacağını proqnozlaşdıra bilməzdi. Ümumiyyətlə, son zamanlar Suriya problemi dünyada bütün səviyyələrdə müzakirə mövzusu olmayıb. Yaxın Şərqdə baş verənlər və Ukrayna-Rusiya müharibəsinin yaratdığı situasiya birdən-birə heç kimin gözləmədiyi halda Suriya düyününün çözülməsi üçün şərait yaratdı və bundan istifadə olundu. İndiyə qədər Əsəd rejimini qorumuş Rusiyanın başı Ukrayna müharibəsinə qarışdığı, İranın isə HƏMAS və “Hizbullah”la bağlı İsrailin apardığı əməliyyatlardan dolayı gərginliklər yaşadığı üçün Suriyaya dəstək vermək imkanları məhdudlaşmışdı. Eyni zamnda belə ehtimallar da var ki, Rusiya Suriya məsələsində bazarlıq etməyə məcbur qalmışdır. Yəni Əsədə dəstək verməməsinin əvəzində Suriyada olan özünün hərbi bazalarının gələcək taleyinə müəyyən təminatlar almışdır. Xüsusilə Tartusdakı Aralıq dənizinə çıxışı olan bazasının taleyi rəsmi Moskvanı həmişə narahat edib.
Elşən Mustafayev
-Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya üçün hansı imkanları təşkil edə biləcək?
-Suriya müxalifəti içində Türkiyəyə və Ərdoğana xüsusi rəğbət var. 13 illik vətəndaş müharibəsi gedişatında Türkiyə Əsəd rejimindən qaçan milyonlarla suriyalıya sığınacaq vermiş və problemin həlli yolunda həmişə öndə olmuşdur. Bu gün də Türkiyə öndədir və Suriyada siyasi və iqtisadi sabitliyin yaranmasında əsas söz sahibi olacaq. Yeni hakimiyyət və hazırda hələ də mövcud olan ayrı-ayrı silahlı qruplaşmalar Ərdoğanın məsləhət və təkliflərinə diqqətlə yanaşacaqdır.
-Suriya bütövlükdə Türkiyənin nəzarətinə keçəcəkmi?
-Suriyanın bütünlükdə Türkiyənin nəzarətinə keçəcəyi ilə bağlı bəzi fikirlərlə razı deyiləm. Çünki Yaxın Şərqdə və Suriyanın özündə vacib maraqları olan güclər bütünlükdə Suriyanın Türkiyə nəzarətində olmasını həzm etməycəklər. Həmçinin nəzərə almaq lazımdır ki, indiyə kimi Əsəd rejiminə qarşı mübarizə aparmış silahlı qrupların hamısının Türkiyəyə münasibəti normal deyil. Onların içində Qərbə və ABŞ-a, digər dövlətlərə bağlı terror təşkilatları da var və s. Onların bir hissəsini sıradan çıxardıb, digər hissəsini birləşdirmək tək Türkiyənin görə biləcəyi iş deyil. Amma istənilən halda Türkiyə Suriyaya kifayət qədər təsir imkanlarını saxlayacaq, sərhədlərində təhlükəsizlik məsələlərini birdəfəlik həll edəcək, indiyədək Suriyada mövcud olmuş Türkiyə dövlətini təhdid edən terror qruplaşmalarının kökünü qazıyacaq. Suriya türkmənləri ilə bağlı məsələni ön plana çılxardacaq, ən nəhayət, onların hakimiyyətdə təmsil olunmalarını təmin edəcək
-Yaxın Şərqdə müharibələr, qarşıdurma səngiyəcək? Yoxsa daha aktiv fazaya keçəcək?
-Əsəd rejimi devrilsə də regionda gərginlik hələ bir müddət davam edəcək. Dediyim kimi fərqli baxışlara malik olan silahlı qruplaşmaları silahı yerə qoymağa məcbur etmək hələ çox vaxt aparacaq. O vaxta qədər onların da müəyyən maraqlarının təmin edilməsi məcburiyyəti ortada olacaq. Hansı hakimiyyətin olmasından asılı olmayaraq İsrailə Suriya xalqının münasibəti həmişə neqativ olub. Həmçinin HƏMAS və “Hizbullah”la aparılan hərbi əməliyyatlar gedişatında Suriya və İsrail arasında gərginliklərin olacağı istisna deyil. Hətta ola bilər ki, məhz Suriya və Livan İsraillə hərbi əməliyyatlara başlasın. Belə ki, Suriyanın silahlı müxalifətinin əksəriyyəti İsraili qəbul etmir. Amma yenə də bütün proseslər Türkiyənin regionda stabil vəziyyətin yaratmaq istəməsi fəaliyyətindən asılı olacaq və bəzi istiqamətlərdə ABŞ-la razılaşmalar və ortaq məxrəcə gəlmək də mühüm rol oynayacaq.
-Proseslərin İrana da təsir edəcəyi proqnozlaşdırılır. Sizin yanaşmanız necədir? İkinci Suriya ssenarisi İranda yaşana bilərmi?
-Belə görünür ki, Rusiyanın Əsədin arxasından çəkilməsi İranı ortada tək qoyduğundan onun əl-qolunu bağlayıb. Amma İran doğrudan da narahatdır ki, Suriya məsələsindən sonra növbəti hədəfə çevriləcək. İndiyə qədər hər zaman dəstək gördüyü Rusiyanın onun yanında olmayacağından ciddi problem yaşayacağını düşünür. Amma tezliklə bu istiqamətdə ciddi işlər görüləcəyini düşünmürəm. Hesab edirəm ki, Avropanın az qala mərkəzində gedən Rusiya-Ukrayna müharibəsinin gedişatının necə olacağı İranın taleyini həll edəcək. Rusiya Qərb və ABŞ-la Ukrayna ilə bağlı müəyyən razılaşmalar əldə etsə, növbəti etapda İranla bağlı ssenari işə düşə bilər. Əgər belə razılaşma olmasa və Rusiya hədəflərinə çatmaq üçün müharibəyə davam etməyə qərarlı olsa, İranla bağlı hər hansı hərəkətlənmə olmayacaq. Yaxud bu qarşıdurmada Rusiya uduzarsa, yenə də İran üçün vəziyyət ağırlaşacaq.
-Digər məsələ isə Azərbaycan-Ermənistan münasibətləridir. Artıq 2024-cü ilin sonuna sayılı günlər qalıb. Növbəti mərhələdə yekun sülh müqaviləsi imzalana bilərmi?
-Son aylar Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı əvvəlki zamanlara baxanda intensiv hərəkətliliyin şahidi olmamışıq. O səbəbdən ilin axırına kimi nələrinsə əldə oluna biləcəyindən söhbət gedə bilməz. Əslində sülh müqaviləsinin imzalanmasına mane olan səbəbləri Azərbaycan tərəfi çoxdan qarşı tərəfə təqdim edib. Amma görünən odur ki, Ermənistan tərəfi həmin səbəblərin aradan qaldırılması istiqamətində addım atmaq istəmir. Ən azı prosesləri müxtəlif bəhanələrlə uzatmaqla yekun sənədin imazalanmasına mane olur. O səbəbdən hesab edirəm ki, Azərbaycan bu istiqamətdə Ermənistanı sülhə məcbur edəcək yollar üzərində işləməlidir. Təcrübə göstərir ki, Ermənistan güc dilini daha yaxşı anlayır.
-Ukrayna müharibəsindəki mövcud vəziyyəti necə dəyərləndirirsiniz? Tramp gözlənilən sülhü gətirə biləcəkmi?
-Hazırda Ukrayna cəbhəsində vəziyyət o yerdədir ki, müəyyən istiqamətlərdə Rusiyanın irəliləməsinə baxmayaraq hər iki tərəfin maddi, mənəvi və insan resursları tükənir. İtkilərin artması səbəbindən situasiya kritikdir. Yəni üzdə nə deyilməsinə baxmayaraq hər iki tərəf müharibənin dayandırılmasını istəyir. Amma bunu elə vəziyyətdə arzulayırlar ki, kənardan heç kim məğlub tərəf kimi görünməsin. Bu formulun alınması mümkün olmayacağı halda hesab edirəm ki, müharibə hələ bir müddət davam edə bilər.
-ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın sülh planı əslində Rusiyanın qalibiyyətinə hesablanıb? Çünki müəyyən güzəştlərin olacağından söhbət gedir. Hansı ki, illərdir, Ukrayna ərazi güzəşti məsələsində qəti mövqe sərgiləyirdi.
-Çoxları Trampın səlahiyyətlərinin icrasına başlayandan sonra müharibənin bitməsi üçün sülh planı təklif edəcəyini deyir. Hətta bəziləri bu planın Rusiyanın mənafelərinə uyğun olacağını söyləyirlər. Rusiya-Ukrayna məsələsində Baydendən fərqli siyasət yürüdəcəyinə baxmayaraq düşünürəm ki, Tramp Ukraynanı Rusiya ilə müharibədə tək qoymayacaq. Çox güman ki, onun təklif edəcəyi sülh planı öncə hansısa sülh müqaviləsinin imzalanmasına yox, hələlik atəşkəs əldə olunmasına xidmət edəcək. Təbii ki, atəşkəs əldə olunması üçün də ortada tərəflərin hər iksinin qəbul etməsi vacib olan şərtlər olmalıdır. Hesab edirəm ilk növbədə Tramp çalışılacaq ki, atəşkəs üçün tərəflər bir çox məsələlərdə qarşılıqlı güzəştlərə getsinlər. Ola bilsin ki, bəzi razılaşmalar olacaq və hər iki tərəf bu qazılaşmanın özü üçün qələbə olduğunu deyəcək ki, bu da normaldır. Amma əsas odur ki qarşılıqlı güzəştlər olsun. O səbəbdən ABŞ bu məsələdə Ukraynanı razı sala biləcək. Amma Rusiyanı razı sala bilməsə, əminəm, Tramp Bayden zamanından daha güclü şəkildə Ukraynaya dəstəyini artıracaq. Məsələ ondadır ki, rəsmi Kreml bu gedişatı yaxşı bilir.
Safura Bənnayeva
Globalinfo.az