Azərbaycan Respublikası müdafiə nazirinin müavinləri – Baş direktor Aqil Qurbanov, Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev və Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyədə keçirilən “SAHA EXPO 2024” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak etmək üçün qardaş ölkədə işgüzar səfərdədir.
Bu barədə Globalinfo.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti, Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler, həmçinin qardaş ölkənin və digər ölkələrin bir sıra dövlət və hökumət rəsmiləri oktyabrın 22-də İstanbulda təşkil olunan sərginin açılış mərasimində iştirak ediblər.
Nazir müavinləri sərgidə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin və Müdafiə Nazirliyinin təqdim etdiyi stendlər, həmçinin nümayiş etdirilən digər müasir silah və döyüş texnikası nümunələri ilə tanış olub, bir sıra şirkət rəhbərləri ilə görüşlər keçiriblər.
***
Türkiyənin İstanbul şəhərində keçirilən “SAHA EXPO 2024” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak edən Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev oktyabrın 22-də Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşüb.
Bu barədə Globalinfo.az-a Azərbaycanın Müdafiə Sənayesi Nazirliyindən bildirilib.
Görüşdə mövcud əməkdaşlığın inkişaf perspektivləri, hərbi-texniki sahədə əlaqələrin genişləndirilməsi barədə müzakirələr aparılıb.
Danışıqlar zamanı həmçinin beynəlxalq müdafiə tədbirlərinin keçirilməsinin əhəmiyyəti vurğulanaraq “SAHA EXPO 2024” sərgisinin peşəkarlıqla təşkil oldunduğu qeyd edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.