Sabah Kazan “qaynayacaq”: supergüclər toplanır – Bakının hədəfi isə…

Sabah Kazan “qaynayacaq”: supergüclər toplanır - Bakının hədəfi isə...

“BRİKS sammiti təşkilata yeni üzvlərin qəbul edilməsi fonunda qlobal məkanda yeni əməkdaşlıq nöqtəsini təmsil edir”.

Bu sözləri Globalinfo.az-a analitik Aqşin Kərimov deyib.

Onun sözlərinə görə, BRİKS Ukraynadakı və Yaxın Şərqdəki müharibələr fonunda Qərbin çox təriflənmiş qaydalara əsaslanan beynəlxalq nizamına qarşı ciddi balans yaratmaq uğrunda çalışır:

“Bu vəzifənin öhdəliklərini əsasən Rusiya və Çin üzərlərinə götürüb. Kazan sammiti həmin öhdəliklərdə ümumi tendensiyaları konkretləşdirən maddələrin ərsəyə gətirilməsini hədəfləyir.

Başqa sözlə, BRİKS sammiti Qərbə qarşı kollektiv əzmkarlıq nümayişinə hesablanıb, amma təbii ki, bu təşkilatda təmsil olunan bütün dövlətlər Qərbə düşmən münasibətin tərəfdarı deyillər.

Sabah Kazan “qaynayacaq”: supergüclər toplanır - Bakının hədəfi isə...

Aqşin Kərimov

Ona görə də Qərbə qarşı cəbhənin aktiv iştirakçıları olan Rusiya, Çin, İranın əsas yükünü digər BRİKS üzvləri üzərlərinə götürməyə çox həvəsli deyillər. Lakin bu o mənanı çıxarmır ki, Qərb BRİKS üzvü olan bütün ölkələrə xarici siyasətdə təzyiqlərini aşağı səviyyəyə endirir.

Bu baxımdan BRİKS-ə üzv olmaq istəyən Azərbaycanın daha diqqətli xarici siyasət yürütməsi çağırışları Bakının qarşısında vəzifə kimi dayanacaq.

Çünki mümkündür ki, BRİKS+ formatının yaranması ilə Qərblə Rusiya+Çin geosiyasi rəqabəti intensivləşsin və strateji maraqlarda qarşılıqlı yadlaşma meyilləri sürətlənsin”.

Turan Rzayev
Globalinfo.az