WhatsApp Image 2024 10 21 at 11

Moldovada prezident seçkiləri və Avropa Birliyinə üzvlüyə dair Konstitusiya referendumu ilə bağlı səsvermə keçirilib.

Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, həm prezident seçkiləri, həm də referendumun nəticələri moldovanların iki yerə parçalandıqlarını və mütləq çoxluğun olmadığını göstərir:

“Referendumda Moldova sakinlərindən “Siz Moldova Respublikasının Avropa İttifaqına daxil olması üçün Konstitusiyaya dəyişiklik edilməsinin tərəfdarısınızmı?” sualına cavab vermələri istənilib. Plebisitin etibarlı hesab edilməsi üçün seçki siyahılarına daxil olanların üçdə birinin orada iştirak etməsi lazım idi.

Müvəffəqiyyətli olarsa, konstitusiyanın preambulasına bu sözlər əlavə olunacaqdı: “Moldova Respublikası xalqının avropalı kimliyini və Moldova Respublikasının Avropa kursunun dönməzliyini təsdiq edərək, Avropa İttifaqına inteqrasiyanı strateji əhəmiyyət kəsb edən elan etməklə. Moldova Respublikasının məqsədi”. Əsas Qanun, həmçinin Moldovanın Aİ-nin təsisçi müqavilələrinə qoşulmasının parlament qanunu ilə müəyyən ediləcəyini bildirən yeni bölmə ilə tamamlanacaqdı. Orada həmçinin göstərilirdi ki, “bu müqavilələr və hüquqi aktlar daxili qanunvericiliyin ziddiyyətli müddəalarından üstün olacaq” .

Zaur Memmedov pol

Zaur Məmmədov

Ekspert deyib ki, bu referendum həm də muxtar respublikalarda maraqlı nəticələri ilə yadda qalıb:

“Qaqauziyada əhalinin 90%-dən çoxu Aİ-yə “yox” deyərkən, Dnestryanı ərazidə iştirakçıların cəmi  60%-dən çoxu Qərbə “yox” deyib. “Cəmi” sözünü ona görə qeyd edirəm ki, Dnestryanı ərazi adəti üzrə Rusiyaya yaxınlığı ilə seçilir və yəqin ki, bu nəticələr bir qədər təəccüblüdür.

Digər maraqlı, əslində isə gözlənilən nəticə paytaxt Kişinyovla bağlıdır. Burada əhalinin daha çox hissəsi Sanduya, əksəriyyəti isə referendumda Aİ-yə üzvlüyə səs verib. Əgər gecə saatlarında artıq bir çoxları referendumun nəticələri üzrə “lehinə” və “əleyhinə” arasında fərqin 10-15 % olacağını düşünürdülərsə, səhər saatlarında paytaxtdakı nəticələrin hesablanmasından sonra “hə” və “yox” deyənlər arasında fərq demək olar ki, bərabərləşdi.

Yeri gəlmişkən, burada ən maraqlı məqam ondan ibarətdir ki, əgər seçki qutularının 90%-i açılarkən səslər arasında fərq 54% lehinə, 46% əleyhinə idisə, 96% protokolların hesablanmasından sonra nəticələr müvafiq olaraq 51-49 göstərirdi. Bakı vaxtı ilə saat 10.00-da isə səslər demək olar ki, bərabərdir. Müxalifət MSK-nı günahlandırsa da, hakimiyyət paytaxt və diasporun nəticələrə təsir etdiyi qeyd edir”.

Qeyd edək ki, Moldovanın Avropa Birliyinə daxil olub-olmaması ilə bağlı keçirilən referendumda son nəticələr açıqlanıb. Mərkəzi Seçki Komissiyası bülletenlərin 98,33%-nin sayılmasından sonra AB-yə “hə” deyənlərin 50,03%, “yox” deyənlərin isə 49,97% olduğunu elan edib.

Səslər arasında olan cüzi fərq (756 səs) nəticələrin dəyişə biləcəyi ehtimalını saxlayır.

Turan Rzayev
Globalinfo.az

Paylaş: