ayna yol

Son zamanlar ən çox tənqidə məruz qalan qurum Azərbaycan Yolüstü Nəqliyyat Agentliyidir (AYNA). Belə ki, insanlar yollarda çəkilən avtobus və velosiped zolağından, eləcə də pullu parkinqin yaradılmasından sonra tıxacın daha da artdığından şikayətlənir. İctimaiyyət bu təşkilatın Bakıdakı “fəaliyyəti”nin absurdun pik həddinə çatdığını qeyd edir.

Milli Məclis AYNA-nın xaosa, çaşqınlığa səbəb olan fəaliyyətini niyə müzakirə etmir?

Globalinfo.az-a danışan deputat Razi Nurullayev əslində, AYNA-nın fəaliyyətini bərbad hesab etmədiyini deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, Azərbaycanda, xüsusən də Bakı şəhərində nəqliyyatın hərəkəti hər zaman insanları narazı salıb:

“Son 30 ildə nəqliyyatın fəaliyyəti tənzimlənməyib, idarə olunmayıb, onun inkişafı ilə bağlı ciddi adımlar atılmayıb. Atılsa belə, yararsız fəaliyyətlər olub. Ümumiyyətlə, əsas da Bakı şəhərinin nəqliyyat cəhətdən idarə olunması ilə bağlı proqramlar qəbul olunsa da, həyata keçirilməyib. Həyata keçirilsə, indi paytaxtda 50-60 metro stansiyası olardı. Bundan başqa, ictimai nəqliyyat elə çalışmalı idi ki, inanlar şəxsi avtomobildən düşüb, rahat avtobus və metroya minərdi. Lakin AYNA yaranandan yol hərəkətinin tənzimlənməsi üçün bu və digər şəkildə xeyli addımlar atılır. Təbii ki, bunların müsbət cəhətləri də çoxdur, mənfi də”.

Bakıda avtobus zolaqlarının xeyirdən çox ziyan vurduğunu düşünənlər var...  » BAKİ-XEBER.COM - BAKI XƏBƏR İCTİMAİ-SİYASİ QƏZET

Deputat deyib ki, bizim mövcud yollarımızın müəyyən maşın tutumu var:

“Məsələ ildən-ilə çətinləşir. Bir sözlə, Bakı şəhəri iflic olub. Məsələn, dünən İmişlidən şəhərə 2 saat 30 dəqiqəyə gəldim, amma Bakıdan evə təxmini 2 saata çatdım. Bu, artıq faciədir! Maşın çoxdur, yolların tutumu isə maşınların sayı qədər deyil. Bizdə mövcud yollar var, lakin həmin yollarda avtobus və əlavə olaraq velosiped zolağı ayırılıb deyə, faciə yaranır. Velosiped yolu əsas yollardan kənarda ola bilərdi. Təssüf ki, elə bir yol da yoxdur. Çünki vaxtında nəzarətsiz qalan Bakıda necə gəldi binalar, evlər, kommersiya obyektləri tikilib, qırmızı xətti də gözləməyiblər. Bir çox binaların arasında insanların piyada getməsi üçün heç məsafə yoxdur. Deməli, o binalar sökülməlidir ki, velosiped zolağı yolda yox, həmin o yerlərdə kənar yolda çəkilsin. Buna görə də Bakıda bütün yolların hamısı gedib, bir mərkəzə çıxır”.

R.Nurullayev qeyd edib ki, düzdür, təzə yollar çəkilir, amma sonda dairəvi yol da, ayrı çəkilən yolların özü də gedib, eyni bir nöqtəyə çıxır:

“Şəhərin belə 5-10 nöqtəsi var ki, bütün dairəvi, kənar, ayrı çəkilmiş yollardan gələn maşınların hamısı həmin o nöqtəyə birləşir. Nəticədə də 2-3 saatlıq tıxac yaranır. Fikrimcə, bunun üzərində hökumət də, AYNA da işləyir. Amma yolların verdiyi mövcud imkanlar çərçivəsində nələr edə bilərlər, gərək bunu bir daha ölçüb-biçsinlər. Nəticədə insanlar bu şəkildə tıxacda qalmasınlar, şəhərin iflic vəziyyətinə bir çara qılınsın”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: