“Qarabağın azad edilməsi üçün Azərbaycan uzun illər iqtisadi, siyasi, hərbi və ideoloji istiqamətdə ciddi fəaliyyət göstərib”.
Bunu Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu 27 Sentyabr – Anım Günü ilə bağlı danışarkən bildirib.
O qeyd edib ki, Azərbaycanın təmkinli siyasət yürütməsi, əlverişli geosiyasi mühitin incəliyinə qədər hesablanması və digər uğurlu addımlar qələbənin əldə olunmasına zəmin yaratdı:
“Azərbaycan müharibəyə qədər ona edilən təzyiqlərə heç vaxt boyun əymədi, prinsipial və haqlı mövqeyindən geri çəkilmədi, hər bir platformada bunu bəyan etdi. Müharibənin gedişində Fransa da daxil olmaqla, bir sıra ölkələrin Azərbaycana qarşı qərəzli siyasətinin və təzyiqlərinin şahidi olduq. Bu, müharibəyə qədər və ondan sonrakı dövrdə Azərbaycanın prosesi hansı çətinliklərlə apardığını göstərir. Danışıqlar prosesi ilə yanaşı, ordu quruculuğu və hərbi potensialın artırılması da hədəfə gedən yolda əsas faktorlardandır”.
Ə.Zülfüqaroğlu əlavə edib ki, dövlət başçısının uğurlu diplomatik addımları Azərbaycan üçün həlledici imkanlar yaradıb:
“Rusiya neytrallaşdırıldı, Türkiyə ilə əlaqələr yüksək səviyyəyə çatdırıldı, Gürcüstan Azərbaycanın maraqlarına qarşı addım atmaqdan çəkinməyə başladı. Eyni zamanda, Qoşulmama Hərəkatı və digər platformalarda Azərbaycanın mövqelərinin güclənməsi xarici siyasi dəstək əldə edilməsinə imkan tanıdı”.
Ekspert diqqətə çatdırıb ki, ideoloji zəmində aparılan iş həyati əhəmiyyət daşıyırdı və müharibə zamanı bunun nə qədər önəmli olduğunu gördük:
“Məsələn, Qarabağı heç vaxt görməyən gənclər ölümə getdilər və öz vətənlərinin bütövlüyü uğrunda canlarından keçdilər. Bütün bunlar önəmli və həlledici amillərdir”.
Əli Zülfüqaroğlu
Ə.Zülfüqaroğlu əlavə edib ki, müharibə zamanı Prezident İlham Əliyevin Ali Baş Komandan kimi orduya rəhbərlik etməsi, diplomatik cəbhədə aparılan mübarizə ilə yanaşı, informasiya savaşında da ciddi və həlledici rol oynaması mühüm faktordur:
“Unutmamalıyıq ki, erməni lobbisi uzun illər milyardlarla vəsait xərcləyərək Azərbaycana qarşı propaqanda aparmışdı və yanlış təsəvvürlər formalaşdırmışdı. Müharibə zamanı isə, əlbəttə, Azərbaycan və onun lideri dünyanın diqqət mərkəzində idi. Dövlət başçısı bu fürsəti dəyərləndirərək çoxsaylı xarici nüfuzlu mətbuat orqanlarına müsahibələr verməklə informasiya savaşında da effektiv mübarizənin önündə oldu”.
Politoloq bildirib ki, Azərbaycan xalqının yumruq kimi birlik nümayiş etdirməsi vətənpərvərlik hisslərinin və mənəvi keyfiyyətlərin yüksək olduğunu göstərdi:
“Bütün bu və digər müsbət amillər şərəf tariximizin yazılması ilə nəticələndi. Ona görə də 27 sentyabrda başlanan və 44 gün ərzində əldə edilən tarixi qələbənin arxasında uzun illər aparılan strateji xətt dayanır. 27 sentyabr Azərbaycan tarixinin dönüş nöqtəsidir və qalibiyyət, həm də milli ruhumuzun oyanışına səbəb oldu. Bu, sıradan bir hadisə deyil, bütün parametrlərinə görə, Azərbaycan dövləti və xalqının gələcəyini şərtləndirir”.
Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər
Turan Rzayev
Globalinfo.az
